Türkiyənin “Fənərbağça” klubu qış transfer pəncərəsində ilk keçidini rəsmiləşdirib.
Sportnet.az xəbər verir ki, İstanbul təmsilçisi İtaliya “Latsio”sunda çıxış edən fransalı yarımmüdafiəçi Matteo Günduzini 4,5 illik müqavilə ilə heyətinə qatdığını açıqlayıb.
Klub binasında baş tutan imza mərasimində “Fənərbağça”nın futbol şöbəsinə məsul İdarə Heyətinin üzvü Ertan Torunoğulları, İdarə Heyətinin üzvləri Ömər Topbaş, Turqay Terzi və idman direktoru Devin Özək iştirak ediblər.
İmzadan sonra açıqlama verən Ertan Torunoğulları bildirib ki, klub rəhbərliyi döyüşkən və sona qədər mübarizə aparan komanda formalaşdırmaq yolundadır: “Klub prezidentimiz Sadeddin Saran hər zaman meydanda vuruşan, məğlub olsa belə azarkeşlərin alqışlayacağı komanda yaratmaq istədiyini deyirdi. Biz bu komandanın təməlini atırıq. İnanırıq ki, Matteo çempionluq yolunda bu kollektivin vacib hissəsi olacaq”.
İdman direktoru Devin Özək isə Günduzinin transferindən məmnunluğunu gizlətməyib: “Yanvar ayında, transfer dövrünün əvvəlində Matteo səviyyəsində futbolçu ilə müqavilə imzalamaqdan böyük məmnunluq duyuruq. O, əsl döyüşçüdür və yüksək mentalitetə malikdir. Dörd aparıcı liqada və Fransa millisində özünü sübut edib”.
Yeni transfer də “Fənərbağça”ya keçidindən qürur duyduğunu bildirib: “Burada olmaq mənim üçün böyük xoşbəxtlikdir. "Fənərbağça" dünyanın ən böyük klublarından biridir və zəngin tarixə malikdir. Azarkeşlərin yaratdığı atmosferi bilirəm və ilk oyuna çıxmaq üçün səbirsizlənirəm. Lazım gələrsə, meydanda hər şeyimi verəcəyəm”.
Qeyd edək ki, 14 aprel 1999-cu ildə Fransanın Puassi şəhərində doğulan Matteo Günduzi futbolçu karyerasına PSJ-nin akademiyasında başlayıb. Daha sonra “Loryan”, İngiltərənin “Arsenal”, Almaniyanın “Herta”, eləcə də “Marsel” və “Latsio” klublarında çıxış edib.
26 yaşlı yarımmüdafiəçi bu mövsüm “Latsio”nun heyətində 16 rəsmi oyunda 2 qol və 1 assistlə yadda qalıb. O, Fransa millisinin formasını isə indiyədək 14 dəfə geyinib.
















































































