“Belə oyunlarda nəticə önəmli deyil. Yoldaşlıq görüşlərində bu, bizi narahat etmir".
Sportnet.az-ın məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Saşa İliç Türkiyənin Antalya bölgəsində Macarıstan "Pakş"ına 1:5 hesabı ilə uduzduqları ilk yoxlama matçından sonra klubun rəsmi saytına açıqlamasında deyib.
Serbiyalı mütəxəssis məğlubiyyətin səbəbini belə izah edib: "Meydanda kifayət qədər gənc futbolçu var idi. Əsasən fərdi səhvlərdən sonra qollar buraxdıq. Bunun üzərində işləyəcəyik. 4–5 gündür məşq edirik. Gənclərə təcrübə lazımdır və biz onlara bu imkanı veririk. Bəzi legionerlər komandaya daha gec qoşulublar və optimal formada olduqlarını demək hələ tezdir”.
Qeyd edək ki, "Sumqayıt" yanvarın 12-də Serbiyanın OFK, yanvarın 16-da isə Xorvatiyanın “Osiyek” komandası ilə üz-üzə gələcək.















































































