İngiltərənin “Çelsi” klubunun futbolçusu Leo Kasldayn Çempionşip təmsilçisi “Midlsbro”ya keçib.
Sportnet.az "zadəganlar"ın rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi ilə 4,5 illik müqavilə bağlanılıb.
London təmsilçisi bu keçiddən 1 milyon funt sterlinq, eləcə də "Midlsbro" futbolçunu satacağı təqdirdə, müəyyən faiz qazanacaq.
Kasldayn 2020-ci ilin martında “Çelsi”nin akademiyasına qoşulub. O, "Uimbldon" komandasının sabiq futbolçusu və teleaparıcı Stüart Kasldaynın oğludur. Gənc futbolçu əsas komandada debütünü İngiltərə Liqa Kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Midlsbro”ya qarşı keçirib. Yarımmüdafiəçi görüşün sonlarında meydançaya çıxıb və qarşılaşma “Çelsi”nin 6:1 hesablı qələbəsi ilə başa çatıb.
Transfermarkt portalının məlumatına görə, 20 yaşlı futbolçunun bazar dəyəri 1,1 milyon avro təşkil edir.













































































