Bu gün İspaniya Super Kuboku uğrunda final oyunu keçiriləcək.
Sportnet.az xəbər verir ki, həlledici görüşdə “Barselona” və "Real Madrid" komandaları üz-üzə gələcək.
Qarşılaşma Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən “Kinq Abdulla Sports Siti” stadionunda baş tutacaq. Matçın start fiti Bakı vaxtı ilə saat 22:00-da səslənəcək.
Turnirin yarımfinal mərhələsində “Real Madrid" paytaxt derbisində “Atletiko Madrid”i 2:1 hesabı ilə yenib. “Barselona” isə “Atletik Bilbao”nu darmadağın edib - 5:0.
Qeyd edək ki, hazırda İspaniya Super Kubokunun qalibi məhz “Barselona”dır. Kataloniya təmsilçisi ötən mövsüm keçirilən finalda “Real Madrid" üzərində 5:2 hesablı qələbə qazanıb.
















































































