AFFA İntizam Qaydalarında da (yerli federasiya səviyyəsində) ayrı-seçkiliyə görə qadağa və cərimələr göstərilib. Lakin çatışmazlıqlar mövcuddur.
Sportnet.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Futbolda bərabərlik hüququnun təmini və ayrı-seçkiliyə qarşı mübarizəyə dair Monitorinq Hesabatında bildirilir.
Hesabatda çatışmazlıqlar da sadalanıb:
- Mövcud intizam və sanksiya mexanizmləri beynəlxalq idman hüququnda qəbul olunmuş standartlarla müqayisədə kifayət qədər uyğunlaşdırılmamışdır. Xüsusilə cərimə məbləğlərinin aşağı olması, azarkeşlərə tətbiq olunan qadağa müddətlərinin məhdudluğu və hissəvi stadion bağlılığı kimi effektiv preventiv tədbirlərin tətbiq
edilməməsi yerli intizam çərçivəsində nəzərəçarpan hüquqi boşluqların mövcudluğunu göstərir.
- Azarkeşlərə münasibətdə tətbiq olunmalı olan preventiv intizam tədbirləri — stadionlara giriş qadağası, eləcə də klub üzrə hissəvi və ya tam stadion bağlanması kimi sanksiyalar — mövcud qərarlarda kifayət qədər əksini tapmır. Bu da yerli intizam praktikasında beynəlxalq standartlarla tam uyğunluğun təmin olunmadığını göstərir.
- İdman prosesinin bütün subyektləri — klublar, oyunçular və azarkeşlər üçün nəzərdə tutulan preventiv tədbirlərin (məsələn, təlim proqramları, maarifləndirmə və
məlumatlandırma kampaniyaları, azarkeş davranış kodeksləri) institusional və davamlı şəkildə həyata keçirilməməsi, diskriminasiya əleyhinə effektiv idarəetmə
mexanizmlərinin formalaşdırılmasında sistemli boşluqların mövcudluğunu göstərir.
- Azarkeş davranışlarının monitorinqi və intizam tədbirlərinə dair məlumatların şəffaf şəkildə toplanması, qeydə alınması və ictimaiyyətə açıqlanması üzrə mexanizmlərin yetərincə formalaşmaması, idman sahəsində hesabatlılıq və nəzarət prinsiplərinin təmin edilməsində əhəmiyyətli praktiki çatışmazlıqların mövcud olduğunu göstərir.













































































