"Qəbələ" və "Neftçi"nin sabiq baş məşqçisi Roman Qriqorçuk üçüncü dəfə Ukrayna “Çornomorets”inə baş məşqçi təyin olunub.
Sportnet.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
60 yaşlı mütəxəssis Odessa təmsilçisi ilə iki illik müqavilə imzalayıb.
Qriqorçukun məşqçilər korpusunda ona Serhiy Politilo və qapıçılar üzrə məşqçi Andrey Qluşçenko kömək edəcək. Hər iki mütəxəssis onunla daha əvvəl LNZ klubunda çalışıb, son altı ayda isə Çerkası klubunun U-19 komandasında fəaliyyət göstərib. Bundan başqa, “Çornomorets”in sabiq futbolçusu, “Real-Pharma” və “Şerif”in keçmiş baş məşqçisi olan 54 yaşlı Andrey Parxomenkonun da köməkçi məşqçi kimi təyin olunması mümkündür.
Klub rəhbərliyində də dəyişikliklər edilib. Valeri Diordiyev “Çornomorets”də baş direktorun səlahiyyətlərini icra edəcək. İcraçı direktor vəzifəsində isə Anatoli Misuranı Andrey Çernov əvəzləyib.
Qeyd edək ki, Roman Qriqorçuk 2010 - 2014 və 2022 - 2024-cü illərdə də "Çernomorets"in baş məşqçisi kimi çalışıb. O, 2014 - 2018-ci illərdə "Qəbələ"də, 2024-cü ilin 26 iyunundan 7 oktyabrınadək "Neftçi"yə rəhbərlik edib.













































































