Beynəlxalq Futbol Tarixi və Statistikaları (IFFHS) ötən ilin ən yaxşı klublarının reytinq siyahısını dərc edib.
Sportnet.az xəbər verir ki, 2025-ci il yanvarın 1-dən dekabrın 31-dək olan siyahıya ümumilikdə 704 klub düşüb.
Onlardan 6-sı Azərbaycanı təmsil edir.
Ötən siyahı ilə müqayisədə 1 pillə geriləyən "Qarabağ" 182,5 xalla 69-cu pillədə yer alıb.
Digər klublardan ən böyük irəliləyişə "Araz-Naxçıvan" nail olub. 60,25 xalla 30 pillə qabağa gedən Naxçıvan təmsilçisi 456-cı mövqeyə yüksəlib.
28 pillə irəliləyən "Sabah" 93,5 xalla 224-cü, 10 pillə irəliləyən "Neftçi" 51,25 xalla 553-cü mövqedə qərarlaşıb.
29 pillə geriləyən "Zirə" 66,75 xalla 389-cu, 19 pillə geriləyən "Turan Tovuz" 45 xalla 627-cidir.
İlk IFFHS Dünya Klub Reytinqi mükafatının (1994) təqdim olunmasından 31 il sonra Fransanın PSJ klubu 2025-ci ilin IFFHS üzrə Dünyanın Ən Yaxşı Kişi Klubu adına layiq görülüb.
İspaniya "Real Madrid"i ikinci yeri tutub. İngiltərə təmsilçisi “Çelsi” üçüncü, İtaliya “İnter”i isə dördüncü pillədə qərarlaşıb. İlk "beşliy"i Almaniya “Bavariya”sı tamamlayıb.
Daha sonrakı yerlərdə Braziliya “Flamenqo”su altıncı, İspaniya “Barselona”sı yeddinci olub. İngiltərənin “Arsenal”, Braziliyanın “Palmeyras” və Almaniyanın “Borussiya Dortmund” komandaları 2025-ci ilin Top-10 klub siyahısını tamamlayıblar.












































































