"Əsas komandamızda heç bir rusiyalı yoxdur və ola da bilməz".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Yuri Vernidub klubun Rusiya "Lokomotiv"i ilə əməkdaşlıq müqaviləsi bağlamasına dair xəbərlərə münasibət bildirərkən deyib.
Ukraynalı mütəxəssisin fikrincə, jurnalistlər məlumatı şişirdiblər: "Bəzi KİV-lər yazıblar ki, guya mən Moskvaya gedəcəyəm. Bu, ağlasığmazdır. Əməkdaşlıq müqaviləsi uşaq akademiyaları arasında imzalanıb. Klubun öz hüququdur. Bunun mənə nə aidiyyatı var? Qaldı ki, klubun gənclər komandalarında yalnız azərbaycanlılar çıxış edirlər. Mən burada ukraynaca danışıram və sözlərimi oyunçulara və ya danışdığım şəxslərə tərcüməçi çatdırır”.
Qeyd edək ki, Yuri Vernidub dekabrın əvvəlində "Neftçi"nin baş məşqçisi təyin olunub. Klub Azərbaycan Premyer Liqasında 16 turdan sonra 20 xalla 8-ci pillədə qərarlaşıb və lider "Sabah"dan 17 xal geri qalır.











































































