Gəncədə futbol cameəsi tarixən fəallığı və tənqidi mövqeyi ilə seçilib. Bu fəallıq əksər hallarda gündəm yaradıb və məhz buna görə də “Kəpəz”də baş məşqçi postunda çalışanların demək olar hamısı bu mühiti işlərinə maneə kimi görüb, rahat işləyə bilmədiklərini dilə gətiriblər.
Şanlı keçmiş, solğun bu gün
“Kəpəz” Azərbaycan futbol tarixinin ən titullu klublarından biridir. Komanda üç dəfə ölkə çempionu, dörd dəfə Azərbaycan kubokunun qalibi olub. Lakin bu uğurların hamısı XX əsrə təsadüf edir. XXI əsrdə isə Gəncə təmsilçisinin ən böyük nailiyyəti 2016/2017 mövsümündə UEFA Avropa Liqasında Moldova “Daçiya”sını mübarizədən kənarlaşdıraraq II təsnifat mərhələsinə yüksəlməsi olub.
Elitaya dönüş və itirilən fürsət
Sonrakı illərdə “Kəpəz”in Premyer Liqadakı çıxışı zəifləyib və klub I Liqaya düşüb. Yalnız 2022-ci ildə AFFA-nın qərarı ilə “Turan Tovuz”la birlikdə elitaya qayıdan “Kəpəz” bu fürsətdən rəqibi qədər səmərəli istifadə edə bilməyib.
Məşqçi dəyişiklikləri və daxili gərginlik
Komandanın baş məşqçiləri əsasən Premyer Liqada qalmaq uğrunda mübarizə aparıblar. Bu məqsədə nail olsalar belə, əksər hallarda qalmaqallı şəkildə istefaya göndəriliblər. Klubdaxili münaqişələr, futbolçular və rəhbərlik arasındakı gərginliklər mediaya sızmaqda davam edib.
Yeni rəhbərlik, köhnə problemlər
Cari mövsüm yeni rəhbərliyin gəlişi ümidləri artırsa da, qısa müddətdə rəhbərliyin daxilində ciddi problemlər üzə çıxıb. İdarə Heyətindəki istefalar və sonrakı hadisələr “Kəpəz”də vəziyyəti daha da qəlizləşdirib.
Mənfi fon və nəticələrə təsir
Baş məşqçi postuna qaytarılan Azər Bağırov komandanın mövqeyini bir qədər yaxşılaşdırsa da, ətrafdakı xoşagəlməz ab-hava aradan qalxmayıb və bu durum nəticələrə də təsirsiz ötüşməyib.
Veteranların səsi niyə eşidilmir?
Gəncə futbol cameəsində pərakəndəlik diqqət çəkir. Veteran futbolçular problemləri dilə gətirdikdə isə, onlar tez-tez “maneə yaradan qüvvə” kimi təqdim olunur, klub rəhbərliyi isə bu iradlara laqeyd yanaşır.
AFFA-nın məsuliyyəti və gözlənilən dəstək
“Kəpəz” veteranları Azərbaycan futboluna xidmətləri ilə hörmətə layiqdirlər. Bu məsələdə AFFA və Gəncə Regional Futbol Federasiyası daha aktiv mövqe sərgiləməlidir. Lakin hələlik real addımlar görünmür.
“Sumqayıt” nümunəsi və açıq sual
“Sumqayıt” klubunun veteranlarla işləmə modeli “Kəpəz” üçün nümunə ola bilər. Sumqayıtda diqqətsizlikdən şikayətlənən veteran demək olar ki, yoxdur. Gəncədə isə sular durulmur.
- “Kəpəz” rəsmilərinə mane olan nədir?
“Kəpəz” rəhbərliyi niyə veteran futbolçulara biganədir?
Elşən MƏMMƏDOV