“Əsas mərhələdəkiən ciddi rəqibimizə qarşı oyuna gedirik”.
Sportnet.az-ın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İngiltərədə “Liverpul”a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII tur matçından əvvəl Heydər Əliyev Beynəlxalq Aerportunda jurnalistlərə açıqlamasında deyib.
54 yaşlı mütəxəssis “qırmızılar”ı özünəxas oyun üslubuna malik və ən tez hücuma keçən kollektivlərdən biri kimi dəyərləndirib.
O, “Qarabağ”ın hazırkı vəziyyətindən də danışıb: “Komandamızda ümumi durum pis deyil. İnanıram ki, futbolçular çox istəklidirlər. Danışıqlarımızda, söhbərlərimizdə ümumi fikir bu oldu ki, ən yaxşı oyunlarımızdan birini keçirməyə, sonadək mübarizə aparmağa, böyük futbolun nə olduğunu bir daha hiss etməyə çalışacağıq”.
Qurbanov “Liverpul”un daxili çempionatda “Qarabağ”la eyni durumda olduğunu bildirib: “Bu gün də oyunlarına baxdıq. Ola bilər ki, çempionatda uğurlu nəticələri yoxdur. Amma Çempionlar Liqasına baxsaq, “Liverpul” ən çox xal toplayan komandalardan biridir və ilk “8-lik”dədir. Həm də çempionatdakı nəticələri oyunlarına görə deyil. Bu gün də bir daha buna əmin olduq. Bir-birini çox yaxşı anlayan, bir-birini tamamlayaraq hücuma keçən futbolçuları var. Ümumən sıx qrafikdə çıxış edirlər. Digər komandalar onlara qarşı daha yaxşı hazırlaşırlar. Çempionlar Liqasındakı komandaların 80-90 faizi eyni durumdadır. Əslində biz də beləyik: Sıx qrafik üzündən Azərbaycan Premyer Liqasında o qədər də inamlı çıxış etmirik. Normaldır. Ümumi baxsaq, hər ikimizin durumu, demək olar ki, eynidir”.
Qeyd edək ki, yanvarın 28-də "Enfild" stadionunda keçiriləcək "Liverpul" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da başlanacaq. Azərbaycan komandası oyuna bu gün çarter reysli təyyarə ilə yollanıb.



















































































