"Çox üzücü xəbər oldu. 2025-ci il dekabrın 5-də 85 yaşı tamamlanmışdı. Bu münasibətlə ona mesaj göndərmişdim. Adətən, hər il ad günlərində, əlamətdar hadisələr zamanı onunla mütəmadi danışırdıq".
Bunu Azərbaycanın veteran futbolçusu Arif Əsədov tanınmış mütəxəssis Boris İqnatyevin vəfatı ilə əlaqədar fikirlərini Sportnet.az-a bölüşərkən deyib.
İqnatyev 1976 - 1989-cu illərdə SSRİ-nin 19 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi kimi çalışıb. Onun komandası 1988-ci ildə Avropa çempionu olub. Həmin yığmada azərbaycanlı futbolçu Arif Əsədov da olub. Əsədov bu kollektivə 1987-ci ildə SSRİ-nin U-16 millisi ilə dünya çempionu olduqdan sonra qoşulub.
Sabiq müdafiəçi vaxtilə futbolçu kimi püxtələşməyində İqnatyevin rolunun olduğunu diqqətə çatdırıb: "Təbii ki, bir futbolçu kimi Azərbaycanda - "Neftçi"də yetişmişəm, məşqçilərim Böyükağa Ağayev, Telman Salahov olub - onların öz yerləri var. Amma sonrakı püxtələşməyimdə, peşəkarlığa keçməkdə İqnatyevin əməyi böyükdür. 1987-ci ildə SSRİ yığmasının heyətində 16 yaşadək futbolçular arasında dünya çempionu olmuşduq. Həmin vaxt Aleksandr Piskaryovun rəhbərliyi altında mən və Vladislav Qədirov birlikdə çıxış edirdik. Dünya çempionatından sonra bu komandadan 5-6 oyunçu 19 yaşlılardan ibarət milliyə keçdik. Həmin komandanın baş məşqçisi isə Boris İqnatyev idi. O zamandan İqnatyevlə işbirliyimiz başladı. Onun rəhbərliyi altında 1988-ci ildə Avropa çempionluğu yaşadıq, 1989-cu il dünya çempionatında çıxış etdik".
Əsədov İqnatyevin bir insan və mütəxəssis kimi keyfiyyətlərindən də bəhs edib: "Boris Petroviç doğrudan da gözəl insan və əla mütəxəssis idi. Karyerası ərzində bir neçə istedadlı futbolçunu SSRİ və Rusiya yığmaları üçün yetişdirmişdi. Onun futbolçulara yanaşması, futbola xüsusi baxışı, fəlsəfəsi göz oxşayırdı. Oynatdığı futbol da çox maraqlı idi, deyərdim ki, "Barselona" tipində oyun tələb edirdi. 1988-ci ildə Avropa çempionu olduqdan bir il sonra Səudiyyə Ərəbistanına dünya çempionatına yola düşmüşdük. Qrupdakı oyunlarımızın hamısını birnəfəsə keçsək də, Nigeriya ilə 1/4 final oyununun 61-ci dəqiqəsinədək 4:0 hesabı ilə öndə ola-ola 4 top buraxdıq, hesab 4:4 oldu və penaltilər seriyasında 3:5 hesabı ilə uduzaraq, mübarizəni dayandırdıq. Həmin qarşılaşmada 4 top fərqi ilə irəlidə olduğumuz vaxt da İqnatyev bizdən daim öz oyunumuzu diktə və "bir nömrə" kimi çıxış etməyi istəyirdi. Biz açıq futbol oynaya-oynaya qollar buraxsaq da, o, müdafiəyə çəkilməyimizə razı olmadı. Onun fəlsəfəsində hər zaman hücum futbolu, daim "bir nömrə" oynamaq tələbləri var idi. Həmin dünya çempionatından sonra İqnatyev vəzifəsindən azad olundu".
O, 1994-cü ildə Rusiyanın "Spartak Vladiqafqaz" komandasına transferində İqnatyevin vasitəçilik etdiyini vurğulayıb: "Futbol oynadığımız dövrdə onunla sıx əlaqələrimiz var idi. Təkcə baş məşqçi kimi deyil, bir dost və böyük kimi bizi hər zaman nəzarətdə saxlayırdı. SSRİ yığmasında oyunları başa vuraraq, evə qayıtdıqda bizə xüsusi tapşırıqlar verir və hər həftə məcbur edirdi ki, onunla əlaqə saxlayaq. Keçdiyimiz məşqlər və durumumuz haqqında mütəmadi soruşurdu. Futbolçu karyeramızı bitirdikdən sonra da onunla daim məsləhətləşirdik. 1994-cü ildə Rusiyanın "Spartak Vladiqafqaz" komandasına getməyimdə onun böyük rolu oldu. Məni həmin komandanın baş məşqçisi Valeri Qazzayevə təqdim etdi. Həmin vaxt Azərbaycan müstəqillik dövrünə qədəm qoymuşdu. 1993-cü ilədək "Neftçi"də çıxış etdikdən sonra legioner həyatı yaşamaq istəyirdim. İqnatyevin təklifi ilə dərhal Qazzayev tərəfindən dəvət aldım və orada bir mövsüm oynadım".
Əsədov İqnatyevin Bakıya son gəlişinin 7 il öncəyə təsadüf etdiyini açıqlayıb: "1 avqust 2019-cu ildə "Neftçi"nin Rusiyanın "Arsenal Tula" komandasını 3:0 hesabı ilə məğlub etdiyi Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununa Boris Petroviç də gəlmişdi. Həmin vaxt Vladislav Qədirovla birlikdə getdik, oteldə və oyunda görüşdük, çox səmimi söhbətimiz oldu. İqnatyev bu oyuna "Neftçi" tərəfindən fəxri qonaq kimi dəvət edilmişdi".
Qeyd edək ki, Boris İqnatyev yanvarın 27-də 85 yaşında ikən onkoloji xəstəlikdən vəfat edib.















































































