Azərbaycan Premyer Liqasının 18-ci turunda “Şamaxı” səfərdə “Kəpəz”i 2:0 hesabı ilə məğlub edib. Qarşılaşmadan sonra qonaq komandanın futbolçusu Diogo Balao Sportnet.az-a oyunu, mövsüm üçün qarşıya qoyulan hədəfləri və növbəti turda “Qarabağ”la keçiriləcək matçla bağlı fikirlərini bölüşüb.
– Oyun barədə nə deyə bilərsiniz?
– Bu çətin oyun idi və biz bunu əvvəlcədən bilirdik. Çünki əvvəlki oyunda məğlub olmuşduq, rəqib isə “Qarabağ” üzərində böyük qələbə qazanmışdı. Ona görə də aqressiyamızı və diqqətimizi çox yüksək səviyyədə saxlamalı idik. Məhz bunu etdik və nəticədə oyunu qazandıq.
– Bu mövsüm üçün əsas hədəfiniz nədir?
– Əsas hədəfimiz Premyer Liqada qalmaq və mövqeyimizi qorumaqdır. Əlbəttə, əgər yaxşı nəticələr əldə etməyə başlasaq, Avropa kubokları uğrunda mübarizəni də düşünə bilərik.
– Növbəti oyunda “Qarabağ”la qarşılaşacaqsınız. Bu oyunla bağlı gözləntiləriniz necədir?
– Bilirik ki, “Qarabağ” hazırda çox yaxşı formadadır. Onlar “Kəpəz”ə və “Liverpul”a uduzsalar da, çox yüksək intensivlikdə futbol oynayırlar. Buna hazır olmalıyıq. Oyuna hazırlaşmaq üçün çox vaxtımız yoxdur, amma özümüzə inanırıq. Öz oyunumuzu oynayacağıq, aqressiv olacağıq və müsbət nəticə qazanacağımıza ümid edirik.
Həşim MƏMMƏDOV










































































