Ukraynanın Kiyev vilayətində sabiq futbolçu Daniil Kolesnik hərbçiyə xəsarət yetirməkdə şübhəli bilinərək saxlanılıb.
Sportnet.az xəbər verir ki, hadisə Buça rayonunun Svyatopetrivske kəndində baş verib.
Yerli sakin hərbi uçot sənədlərinin yoxlanılması ilə məşğul olan hərbçilərin fəaliyyətini görərək onlardan birinə yaxınlaşıb və mübahisə yaradıb. Daha sonra o, xidməti vəzifəsini icra edən əməkdaşa qəsdən yumruq zərbəsi endirib. Nəticədə zərərçəkmiş şəxs bədən xəsarətləri alıb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən şəxsin kimliyi müəyyənləşdirilib. 24 yaşlı Kolesnik Ukraynanın Cinayət-Prosessual Məcəlləsinin 208-ci maddəsinə uyğun olaraq saxlanılıb.
Hadisədən sonra futbolçunun çıxış etdiyi klub rəhbərliyi onunla müqaviləyə xitam verilməsi barədə qərar qəbul edib.
İstintaq Buça dairə prokurorluğunun prosessual rəhbərliyi ilə Ukrayna Cinayət Məcəlləsinin 350.2-ci maddəsi (qəsdən döymə və ya yüngül, yaxud orta ağır bədən xəsarəti yetirmə) üzrə aparılır. Təqsirləndirilən şəxsi beş ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Hazırda məhkəməyədək istintaq davam etdirilir.












































































