"Çətin oyun olacağını bilirdik. Ağır olacaqdı. Futbolçularımız çox əziyyət çəkdilər. Oyunun gedişatına baxsaq, hər iki komanda bir xalı haqq edirdi. Çox da danışılası bir şey yoxdur. Sevindirici haldır ki, iki oyundur qol buraxmırıq. İkinci dövrənin bitməsinə 1 oyun qalıb. Kritik oyunlar var, kubok görüşləri var".
Sportnet.az-ın məlumatına görə, bunu “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov səfərdə "İmişli" ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXI tur matçından sonra mətbuat konfransında deyib.
45 yaşlı mütəxəssis komandasının Azərbaycan Kubokundakı hədəflərindən də bəhs edib: "İlin əvvəlində futbolçularımdan istəyim olmuşdu ki, hər kəs karyerasını gözünün önünə gətirsin, karyerasının pik nöqtəsinə çatsın. Məsələn, kimsə 7 qol vurubsa, 9 qol vursun. Ya da oyun sayını çoxaltsın. Bəzi futbolçularımız karyerasında ən yaxşı dövründədir. Kubokda iddialıyıq, hədəflərimiz var. Davam etmək istəyirik. Rəqibimiz güclüdür, çətin olacaq. Amma birinci oyundakı nəticə bizə fürsət verir ki, mübarizə aparaq. Futbolçularımda hədəf və hirs var. Sona qədər bunu çatdırmaq lazımdır. Kubokda ilk "altılıq"da olmayan komandalar da yer alıb. "Qəbələ"nin də, bizim də şansımız var. Çox istəyərdim ki, beşlikdə olmayan komandalardan kubokda irəliləyənlər olsun, daha maraqlı alınsın".
Abbasov Quba Olimpiya İdman Kompleksinin stadionundakı yeni problemə də diqqət çəkib: "Məncə, "İmişli"nin "Qarabağ"a qarşı ötən oyunundakı məsələlərdən sonra nə isə danışmaq yersizdir. Hər şey deyilib də, mən əlavə nə deyim ki? Sadəcə, sevindirici haldır ki, bir problemi də biz həll etdik. Sən demə, futbol qapılarının biri digərindən 11 sm hündür imiş. Bu gün xeyrimiz dəydi ki, qapılar standart oldu".












































































