“Sabah”ın futbolçusu Coy-Lens Mikels Misli Premyer Liqasında 100-cü oyununu keçirib.
Sportnet.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, almaniyalı hücumçunun yubileyi XXI tura təsadüf edib.
O, “Kəpəz”lə ev qarşılaşmasında (1:0) meydana sonradan çıxıb. Azərbaycanda yalnız bir klubda – “Sabah”da forma geyinən 32 yaşlı forvard 100 oyunda 47 qol vurub. Onun orta məhsuldarlığı 0,47-yə bərabərdir.
Mikels çempionatın tarixində ən azı 100 oyun keçirən legioner statuslu futbolçular arasında ən yüksək orta məhsuldarlığa malikdir. Ümumilikdə isə o, minimum 100 matça çıxanların siyahısında orta göstəricidə 7-ci nəticəyə malikdir.
Premyer Liqada 2021-ci ildə debüt edən Mikels 2021 - 2023-cü illərdə şərəfini qoruduğu kluba 2024-cü ildə qayıdıb.
Qeyd edək ki, Coy-Lens Mikels turnirin tarixində 100 və daha çox oyun keçirən 452-ci futbolçu olub. O, eyni klubda buna nail olan 210-cu oyunçudur.















































































