"İlk oyundakı birinci hissədə çox uğursuz, bizə yaraşmayan şəkildə oynadıq. İkinci hissə birinci hissə ilə müqayisədə daha yaxşı idi. İkinci yarıda mübarizə apardığımzı kimi, kaş birinci hissədə oynayardıq. Amma bu yarışın səviyyəsi hər kəsə bəllidir. Artıq bu oyunu unutmalı və qarşıdakı görüşü barədə düşünməliyik".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Coni Montiel "Nyukasl"a qarşı İngiltərədə keçirəcəkləri UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsinin cavab görüşündən əvvəl mətbuat konfransında deyib.
İspaniyalı yarımmüdafiəçi bildirib ki, ilk matçın ikinci hissəsindəki kimi oynasalar, cavab matçında yaxşı nəticə əldə edə bilərlər.
Montiel "Qarabağ"ın Çempionlar Liqasındakı performansını dəyərləndirərkən, vətənində verilən reaksiyadan da danışıb: "ÇL-in səviyyəsi məni təəccübləndirmədi. Hansısa oyunun asan keçdiyini xatırlamıram. Azərbaycanın böyük klubu olaraq, "Qarabağ"dan gözləntilər yüksəkdir. Bunun qarşılığını verməyə çalışacağıq. Bura gələndən bəri İspaniya mətbuatına bir neçə müsahibə vermişəm. Həmişə demişəm ki, burada olduğuma görə xoşbəxtəm. Komanda yoldaşlarım və mən ən yaxşısını etməyə çalışırıq. Burada dəyərlər də odur. Bizə bildirilir ki, komanda üçün əlinizdən gələni etməlisiz. Tələblər də odur".
Qeyd edək ki, fevralın 24-də "Sent Ceyms Park"da keçiriləcək "Nyukasl" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.



















































































