Azərbaycan 2025/2026 mövsümündə UEFA reytinqini 22,937 xalla 27-ci pillədə başa vurub.
Sportnet.az-ın məlumatına görə, bu, avrokubokların pley-off mərhələsi yekunlaşdıqdan sonra müəyyənləşib.
Əsasən "Qarabağ"ın Çempionlar Liqasındakı nailiyyəti sayəsində cari mövsümdə reytinq xalını 5,812-yə çatdıran Azərbaycan ötən mövsümlə müqayisədə Rusiya, Slovakiya və Bolqarıstanı geridə qoyub. Hazırda bu ölkələrin heç birinin avrokuboklarda təmsilçisi qalmayıb.
Yuxarı pillələrdəki 26 ölkədən 19-u mübarizəni ən azı 1 klubla davam etdirir, 7-si isə təmsilçisiz qalıb.
Çempionlar Liqasında "Qalatasaray", Konfrans Liqasında isə "Samsunspor"la yoluna davam edən Türkiyə hazırda 9-cu pillədə qərarlaşıb. 1-ci yerdə gedən İngiltərənin isə 9 təmsilçisinin hamısı hər 3 turnirdə müvafiq olaraq, 1/8 finala yüksəlib.
Qeyd edək ki, 22,937 bal Azərbaycan üçün rekord göstəricidir. Əvvəllər 5 mövsüm ərzində ən yaxşı nəticə 2023/2024 mövsümündə 20,125 xal olub. Həmin mövsüm "Qarabağ" Avropa Liqasında 1/8 finaladək irəliləyib. Cari mövsümdə "Qarabağ" 4,687 xal, "Sabah" 0,625 xal, "Araz-Naxçıvan" 0,375 xal, "Zirə" isə 0,125 xal əldə edib.










































































