"Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze evdə "Karvan-Yevlax"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXII tur matçından sonra mətbuat konfransı keçirib.
Gürcüstanlı mütəxəssis sualları cavablandırmamışdan əvvəl oyun barədə fikirlərini bölüşüb:
- Bu gün 2 xal itirdik. Çoxlu qol vəziyyətlərimiz oldu. Amma bunlardan istifadə edə bilmədik. Lazım olmayan anda sadə qollar buraxırıq. Sonra oyunu ələ aldıq. Qol epizodlarından istifadə etmək lazımdır. Futbolçularıma bununla bağlı heç nə deyə bilmərəm. Sadəcə, belə bəsit qollar buraxmaq olmaz. Bəxt amilini də vurğulamaq lazımdır. Bu gün bəxt bizdən üz döndərmişdi.
- Bundan sonra penaltiləri Seydina Keyta vuracaq?
- Əvvəlki oyunda da əslində Keyta vurmalı idi. Həmin anda Adriel Ba Lua topu götürdü və penaltini vurmaq üçün xahiş etdi. Əsas penalti vuranımız Keytadır, ikinci isə Ba Lua.
- Yanvardan sonra Ba Luanın performansında eniş hiss olunur. Siz necə düşünürsünüz?
- Ba Lua demək olar ki, qış təlim-məşq toplanışını bizimlə keçirmədi. Sənəd problemi var idi, pasportunu dəyişməli idi. Ölkəsi Kot d`İvuarda proses uzandı. Ona görə də təlim-məşq toplanışına gec qoşuldu. O, öz üzərində işləyir. Son ötürmələrdə və zərbələrdə çatışmazlığı var. Özü də bunu görür, başa düşür. Bizim üçün vacib oyunçudur. Ümid edirik ki, yavaş-yavaş əvvəlki formasını bərpa edəcək.
- İsmael Akinadenin start heyətində yer almamasının səbəbi nə idi?
- Son oyunlarda zəif təsir bağışlamışdı. Sanki bir matçda oynayır, sonra onda eniş yaşanır. Həm də oruc tutur. Cüssəli futbolçudur, onun üçün belə anlarda çətin olur.













































































