"Kəpəz"in futbolçusu Əli Səmədov "Sumqayıt"a 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXII tur matçından sonra Sportnet.az-a müsahibə verib.
29 yaşlı yarımmüdafiəçi əvvəlcə oyun barədə fikirlərini bölüşüb:
-Oyuna çox ciddi hazırlaşmışdıq. Bizim üçün ən vacib məsələ qələbə idi. Çünki əvvəlki turun "Sabah"la oyununda xalımızı son anda əlimizdən vermişdik. Bu matça potensial 3 xal kimi baxırdıq. Məqsədimiz rəqiblərimizi qabaqlamaq və xal fərqini artırmaq idi. Sevinirik ki, istəyimizə çatdıq.
- "Sumqayıt"ın futbolçusu Nikola Ninkoviç 62-cü dəqiqədə qırmızı vərəqə aldı. Bunun qələbənizə təsiri oldumu?
– Xeyr. Oyunu biz artıq ilk hissədə həll etmişdik. Rəqibin qırmızı vərəqə alıb-almaması oyunun gedişinə ciddi təsir göstərmədi. Hesab daha da böyük ola bilərdi – 4:0, 5:0 da edə bilərdik.
- Qarşıda Azərbaycan Kubokunda "Turan Tovuz"a qarşı 1/4 final mərhələsinin cavab oyunu var. Həmin görüş barədə nə deyə bilərsiniz?
– Kubok oyunu bizim üçün vacibdir. Bizə deyilib ki, "Turan Tovuz"la cavab görüşünü daha ciddiyə alaq. Hər iki cəbhədə də əlimizdən gəldiyi qədər irəli getmək istəyirik. İlk oyunda 0:1 hesabı ilə məğlub olmuşuq, amma Yevlaxdakı qarşılaşmaya daha məsuliyyətlə hazırlaşırıq. Məqsədimiz mərhələni keçməkdir.
Haşım MƏMMƏDOV










































































