İran və ABŞ arasında vəziyyət Yaxın Şərqin müxtəlif bölgələrində münaqişələrin kəskinləşməsi fonunda getdikcə daha mürəkkəb xarakter alır. Bu isə 11 iyun – 19 iyulda keçiriləcək 2026-cı il dünya çempionatı üçün həssas kontekst yaradır.
Sportnet.az xatırladır ki, turnir ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə təşkil olunacaq. Oyunların böyük əksəriyyəti - 104 oyundan 78-i ABŞ ərazisində gerçəkləşəcək.
İranın iştirakı risk altındadır
İran millisinin DÇ-2026-da iştirakı sual altına düşüb. Ölkənin futbol federasiyasının prezidenti Mehdi Tac İsrail və ABŞ-la bağlı gərginliyin artması fonunda komandanın turnirə yollana bilməyəcəyini istisna etməyib.
İran mundiala vəsiqəni təmin edib və qrup mərhələsindəki hər üç oyununu ABŞ-da keçirməlidir: 15 iyunda Los-Ancelesdə Yeni Zelandiya ilə, 21 iyunda yenə həmin şəhərdə Belçika ilə, 26 iyunda isə Sietldə Misirlə qarşılaşmalıdır.
İran dövlət televiziyasına danışan Tac mövcud vəziyyəti belə şərh edib: “Bu gün baş verənləri və ABŞ tərəfindən edilən hücumu nəzərə alsaq, dünya çempionatında iştirakımıza ümid etmək çətindir. Lakin yekun qərarı idman rəhbərliyi verməlidir”.
Tac həmçinin milli çempionatın qeyri-müəyyən müddətə dayandırıldığını təsdiqləyib. Bu qərar yerli liqada çıxış edən əcnəbi futbolçulara da təsir edib.
FİFA-nın mövqeyi
FİFA hələlik məsələyə rəsmi münasibət bildirməyib. Lakin ali futbol qurumundan verilən açıqlama komandanın turnirə səfəri ilə bağlı ciddi şübhələrin yarandığını göstərir.
Baş katib Mattias Qrafström ESPN-ə bildirib ki, FIFA İran, İsrail və ABŞ ətrafında baş verən prosesləri diqqətlə izləyir: “Vaşinqtonda final mərhələsinin püşkatma mərasimi keçirildi və indi əsas məqsədimiz bütün komandaların iştirakı ilə təhlükəsiz dünya çempionatı təşkil etməkdir”.
İran imtina edərsə, nə baş verəcək?
İran DÇ-2026-da iştirakdan imtina edərsə və ya ona qadağa tətbiq olunarsa, FİFA-nın reqlamentinə əsasən, əvəzində “təyin olunmuş nümayəndə” çıxış edəcək. Adətən bu, pley-off mərhələsində ikinci olan komanda və ya hələ vəsiqə qazanmamış, eyni regiondan ən yüksək reytinqli yığma olur.
Asiyada vəsiqə qazanmayan komandalar arasında ən yaxşı nəticəyə malik BƏƏ mümkün variant kimi göstərilir. Regional pley-offda BƏƏ-ni məğlub edən və hazırda qitələrarası oyuna hazırlaşan İraq da vəziyyət dəyişəcəyi halda, namizədlər sırasındadır.
FİFA hələ yekun qərar qəbul etməyib və əsas prioritetin bütün komandaların iştirakı ilə təhlükəsiz dünya çempionatının təşkili olduğunu vurğulayır.
Qeyd edək ki, İran Asiya seçmə mərhələsinin A qrupunu birinci pillədə başa vuraraq tarixində 7-ci dəfə dünya çempionatına vəsiqə qazanıb. Püşkün nəticəsinə əsasən, qonşu ölkə millisi G qrupunda yer alacaq.










































































