“Sabah” klubunun prezidenti Maqsud Adıgözəlov komandasının Azərbaycan Premyer Liqasının XXII turunda “Qarabağ”a qarşı keçirdiyi və 3:3 hesabı ilə başa çatan oyunu, eləcə də görüşün sonunda baş verən hadisələri şərh edib.
Sportnet.az xəbər verir ki, klub rəhbəri ilk növbədə qarşılaşmanın yüksək səviyyədə keçdiyini vurğulayıb.
O, həqiqətən də gözəl oyun izlədiklərini bildirib: “Sabah”la “Qarabağ” arasında matç parlaq, emosional və keyfiyyətli alındı. İki güclü komanda, yüksək temp, əsl futbol. Biz 3:0 hesabı ilə öndə idik, lakin rəqib hesabı bərabərləşdirə bildi. Belə dönüşlər futbolun ayrılmaz hissəsidir”.
Adıgözəlov hər iki komandanın azarkeşlərinə təşəkkür edib və stadionda yeni tamaşaçı rekordunun qeydə alındığını bildirib: “Atmosfer möhtəşəm idi, yeni azarkeş rekordu qeydə alındı. Bu, Azərbaycan futboluna marağın artdığının daha bir sübutudur. Məhz buna görə istəməzdim ki, diqqət məzmunlu oyundan yayınaraq, görüşün sonundakı xoşagəlməz bir epizoda yönəlsin”.
Matçın son dəqiqələrində baş verən insidentə toxunan klub prezidenti komandanın məşqçilərindən birinin davranışına haqq qazandırmayıb: “Bəli, matçın sonunda emosional vəziyyət yarandı. Bizim məşqçi köməkçimiz hakimlə danışırdı və həmin anda “Qarabağ”ın məşqçilər korpusunun nümayəndələrindən biri ehtiyat oyunçular skamyasından ona susmaq işarəsi göstərdi. Cavab olaraq, bizim nümayəndə emosional və korrekt olmayan jestə yol verdi və bunu etmək hüququ yox idi. “Sabah” futbol klubu bu cür davranışı yolverilməz hesab edir. Bu, bizim ənənələrimizə, mədəniyyətimizə və dəyərlərimizə uyğun deyil. Onunla söhbət aparılıb. Baş verənləri yalnız futbola xas emosiyalarla əsaslandırmağa çalışmadıq. Əksinə, məşqçimiz həm meydan kənarında, həm də mətbuat konfransında üzr istəməyi zəruri saydı. Hansı kluba qarşı baş verməsindən asılı olmayaraq, biz eyni addımı atardıq. Hətta “Qarabağ” nümayəndələri bu epizoda diqqət yetirməsə belə, biz üzrümüzü bildirərdik. Üzr mədəniyyəti statusdan, nailiyyətlərdən və adlardan asılı deyil”.
Adıgözəlov 2023/2024 mövsümündə keçirilmiş “Qarabağ” – “Sabah” oyununu da xatırladıb: “Üzr mədəniyyətindən danışarkən xatırlatmaq istərdim ki, 2023/2024 mövsümündə “Qarabağ” – “Sabah” matçında, rəqib son saniyələrdə qol vurduqdan sonra oyunçulardan biri bizim ehtiyat skamyamıza tərəf jest etmişdi.
Bundan başqa, kubok finalından sonra hörmətli Qurban Qurbanov matçsonrası müsahibəsində faktiki olaraq “Sabah”ın qələbəsinə kölgə salmış, dolayısı ilə onun ədalətli olub-olmadığını sual altına almışdı. Sonradan bu sözlər emosiyalarla izah edildi – necə ki, qol vurduqdan sonra oyunçulardan birinin qapıçımızın qarşısında etdiyi ekzotik rəqs də emosiyalarla əsaslandırılmışdı. Bizim fikrimizcə, bu da ənənələrimizə uyğun deyil. Təəssüf ki, həmin vaxt qarşı tərəf üzr istəməyi lazım bilmədi və hər şeyi emosiyalarla izah etdi. Biz isə təmkin nümayiş etdirərək üzr tələb etmədik və vəziyyəti şişirtmədik. Çünki anlayırıq ki, mübarizənin qızğın vaxtında baş verməməli olan hadisələr yaşana bilər. Buna görə də bu epizoda bu qədər kəskin reaksiya bizi bir qədər təəccübləndirdi”.
Sonda klub prezidenti mövqelərinin dəyişməz olduğunu bildirib: “Mövqeyimiz dəyişməzdir: oyuna hörmət, rəqibə hörmət və irəliyə doğru hərəkət. Gəlin futbol, oyunun keyfiyyəti və çempionatımızın inkişafı barədə danışaq, ayrı-ayrı epizodların ümumi mənzərəni kölgədə qoymasına imkan verməyək” (Azerisport.com).















































































