"Sumqayıt"ın futbolçusu Nikola Ninkoviç son 5 gündə ikinci dəfə qırmızı vərəqə alaraq, meydançadan kənarlaşdırılıb.
Sportnet.az-ın məlumatına görə, ilk belə hadisə fevralın 27-də Azərbaycan Premyer Liqasının XXII tur matçına təsadüf edib.
Həmin gün "Kəpəz"lə səfər qarşılaşmasının 62-ci dəqiqəsində serbiyalı yarımmüdafiəçi ikinci sarıdan qırmızı vərəqə alıb. Qarşılaşma Gəncə təmsilçisinin qələbəsi ilə başa çatıb.
Cəzalar yalnız qeydə alındığı yarışa şamil olunduğundan, 32 yaşlı oyunçu bu gün "Zirə"yə qarşı Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşündə də meydançaya çıxa bilib. Ninkoviç bu dəfə 84-cü dəqiqədə birbaşa qırmızı vərəqə alaraq, meydançadan qovulub.
Həmin vaxt 1:0 hesabı ilə öndə olan "Zirə" cəmi 4 dəqiqə sonra daha bir qol vurub - 2:0.














































































