"İlk növbədə "Zirə"ni təbrik edirəm. Kubok oyunları çətin keçir. Birinci hissədə yaxşı oynadıq, fasilədən sonra buraxılan səhvlər qolla nəticələndi. Fasilədən sonra oyunu dəyişməyə çalışdıq. Amma Ninkoviçin aldığı qırmızı vərəqə planlarımızı pozdu".
Sportnet.az-ın məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Saşa İliç səfərdə "Zirə"yə 0:2 hesabı ilə uduzduqları Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşündən sonra mətbuat konfransında deyib.
Serbiyalı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb:
- Komandada intizam probleminin olduğunu qəbul edirsiniz?
- Deməzdim. Oyunçuların bacarığına uyğundur. Verilən tapşırıqları yerinə yetirməyə çalışdılar.
- Nikola Ninkoviç qırmızı vərəqə alana qədər də komandanız rəqib müdafiəsini yara bilmirdi. Bunun səbəbi nə idi?
- Fürsətlərimiz çox olmadı. "Zirə"nin də qol epizodu çox deyildi. İlk fürətdəcə qol vurdular. Bu mövsüm onlarla 4 oyun keçirdik və hamısında bir-birimizə bərabər oyun göstərdik. "Zirə" keyfiyyətli komandadır.
- Mövsümə çox yaxşı başlamışdınız. Sonradan nə baş verdi ki, komanda bu cür enişə keçdi: Bəlkə qış planlarınız özünüzü doğrutlmadı?
- Oyunçularla bağlı müzakirə etmək istəməzdim. Bəli, yaxşı başlamışdıq. Müəyyən zamandan sonra eniş oldu. Qarşıda bizi oyunlar gözləyir. Çalışacağıq ki, əlimizdən gələni edək.
- Turnir cədvəlindəki vəziyyəti nəzərə alsaq, avrokuboklara nə dərəcədə ümidlisiniz?
- Reallığa qalsa, çətindir. Fərq də böyükdür.
- Nikola Ninkoviçi təcrübəsinə əsaslanaraq komandaya dəvət etmisiniz, komandanı arxasınca o aparmalıdır. Amma iki oyundur ki, sizi pis vəziyyətdə qoyur. Psixoloji sıxıntısı var, yoxsa nə məsələdir?
- Nikola Ninkoviçdən gözləntilərimiz böyükdür. Bu gün də qırmızı vərəqə aldı. Ola bilər ki, psixoloji problemləri var, dəqiq deyə bilmərəm. Ona ümidlərimiz var, amma o, hələ ki ümidlərimizi doğrultmur.














































































