"Neftçi"nin sabiq baş məşqçisi Samir Abasovun Sportnet.az-a müsahibəsi...
- "Neftçi"nin baş məşqçi postunu tərk etdikdən sonra karyeranızda hər hansı yenilik varmı?
- Xeyr, heç bir yenilik yoxdur, evdəyəm, dincəlirəm. Hər şey qaydasındadır.
- Bir ara agentləriniz vasitəsilə müəyyən variantları nəzərdən keçirə biləcəyinizi deyirdiniz...
- Agentlər işləyir. Amma bu, o demək deyil ki, bizim üçün ölürlər və dərhal gəlib iş təklif edəcəklər. Agentlərdir də... Daimi əlaqədə olduğumuz adamlar var. Bax, belə...
- Yəqin ki, Azərbaycan Premyer Liqasını izləyirsiniz və "Neftçi"nin çıxışları da sizi az-çox maraqlandırır...
- Yox, heç maraqlandırmır. Hansısa klubun çıxışı məni niyə maraqlandırmalıdır ki?!
- O mənada ki, baş məşqçi kimi orada çempion olmusunuz, növbəti qayıdışınızda bir müddət çalışmısınız, hazırkı komandanı siz qurmusunuz...
- və... Keçdi-getdi də. Marağında deyiləm. Sizə deyim ki, açığı, heç oyunlarına da baxmamışam. Klubdan çıxandan sonra vur-tut 90 dəqiqəlik bir oyuna baxmışam, ya yox...
- Hansı oyun idi?
- Bilmirəm, yadımdan çıxıb. Deyəsən, "Sumqayıt"la hansısa komanda oynayırdı.
- Şəxsi işləriniz çox olduğu üçün baxmırsınız, yoxsa futboldan küsmüsünüz?
- Heç nədən küsməmişəm, Allah eləməsin. Niyə küsürəm? Futbol nədir ki, ondan küsək? Sadəcə, işlər çox olur. İşlər daha vacibdir.
- Ötən tur "Şamaxı" ilə səfər oyununda "Neftçi"nin qapısına penaltinin təyin olunması və bundan sonra paytaxt klubu ilə AFFA arasında "bəyanat qarşıdurması"ndan məlumatlısınız?
- Xəbərim var, amma heç nə deyə bilmərəm. Bu, klubun işidir, şərhim yoxdur.
- Məşhur sözünüz var idi: "Lazımi adamlar lazımi vaxtda yumruqlarını stola möhkəm vuracaq". Sizcə, bunu deməyin vaxtı çatıbmı?
- O, mənim vaxtımda deyilmişdi. İndi orada işləmirəm. Kimlərə lazımdır, nə lazımdır, desinlər də... Özləri bilərlər. Bu, klubun öz işidir, öz siyasəti var. Mən burada məsələyə aidiyyatı olmayan insanam. Mən nə bilim kim nə deyəcək? Mən nə deyim?
- Klubdan ayrıldıqdan sonra sizə təzminat vaxtlı-vaxtında ödənilirmi?
- Bu, mənimlə klubun arasında olan məsələdir. Bunu dəfələrlə demişəm. Elə aramızda da qalacaq. Heç kimə aidiyyəti yoxdur. Özümüz həll edəcəyik.
- Klubun sizə hazırkı münasibətindən razısınız?
- Bu barədə danışmaq istəmirəm. Münasibət pis olsa, nə baş verəcək, yaxşı olsa nə? Ayrılmışıq, hərəmizin öz yolumuz var. "Neftçi" haqqında sual verməyin. Çünki cavablandırmaq istəmirəm. Ta mənə qarşı bir söz deyilməyənədək.
- Bəs Azərbaycan Premyer Liqasındakı mübarizənin gedişatından xəbərdarsınız?
- Çempionat necə varsa, elə də davam edir. Bu gün dəyişilən bir şey yoxdur. Sonluğunu gözləyək, görək, kim çempion olacaq, kimlər avrokuboklara gedəcək.
- Sizcə, bu mövsüm çempion dəyişə bilər?
- Əlbəttə. "Sabah" çempion ola bilər. Çünki buna ən yaxın namizədlərdən biridir. Hər şey mümkündür. Baxacağıq...
- Elə ötən tur "Qarabağ"la səfər oyununda "Sabah" 3 top fərqi ilə öndə olsa da, üstünlüyünü qoruya bilmədi...
- Futboldur da... "Sabah" komandası bunu yaşayan və edən nə ilk, nə də sonuncu komandadır. Çempionlar Liqasının pley-off mərhələsində "Borussiya Dortmund" Almaniyada "Atalanta"nı 2:0 hesabı ilə udduğu halda, cavab görüşündə 1:4 hesabı ilə uduzdu. Belə şeylər olur da... Normaldır. "Sabah"a afərin, çox yaxşı oynadı. Xüsusən, ilk yarıdakı çıxışı çox xoşuma gəldi. "Qarabağ"a da afərin. Çünki çox yorğun vəziyyətdə, zədəli və cəzalı oyunçularının olmasına baxmayaraq, xarakter göstərdi və hesabı 3:3 etdi. Hər iki komandaya təşəkkür edirəm. Sadəcə, azarkeşləri "Ay bu qədər idilər" deyə şişirtmək mənə çatmadı. Bu sözlərimin qış-qar, yay-isti bilmədən daim sevimli komandalarının yanında olan, oyunlarına gələn azarkeşlərə aidiyyəti yoxdur. Çünki "Sabah" da, "Qarabağ" da, məsələn, "Karvan-Yevlax"la oynasaydı, onlar gələcəkdilər. Əksinə, məncə, çempionluğa oynayan iki komandanı böyük hissəsi boş tribunalar önündə görmək üzücüdür. Bu, azarkeşlik baxımından bizim futbolumuzdur, reallığımızdır. Ona görə də azarkeş məsələsini şişirtmək absurddur. Kim deyirsə, bu, "tupoy"luqdan başqa bir şey deyil. Əksinə, tribunaların dolmasını gözləyirdim. Görünən budur ki, bizim futbola maraq yoxdur ki, yoxdur!
- "Sabah" komandası hazırda ən yaxın izləyicisi "Qarabağ"dan 7 xal irəlidədir. Elə oyun zamanı da hesabda xeyli irəlidə idi. Düşünmürsünüz ki, "Qarabağ" bu görüşdə olduğu kimi, çempionatda da böyük fərqi aradan qaldıra bilər?
- Əlbəttə, aradan qaldıra bilər. Amma hazırda bu, "Qarabağ"ın əlində deyil, digər komandalarla oyunların nəticələrindən asılıdır. Çempionat uzundur. "Sabah" büdrəsə, qızıl medalın taleyi şəxsi oyunda həll olunacaq. Büdrəməsə, hətta Qarabağ" bütün oyunlarını 5:0 hesabı ilə bitirsə belə, bu fərq necə aradan qalxa bilər? Fərq uzağı 1 xala enəcək də... Yəni, artıq çempionluq "Qarabağ"ın öz əlində deyil. Digər tərəfdən, Ağdam komandası digər rəqiblərlə oyunlarda büdrədiyi halda, "Sabah"ı 4:3 udsaydı, nə mənası var idi? Hər nə qədər layiq olsalar belə, çempionluğun taleyi öz əllərində deyil. Rəqib olaraq, bir-birilərinin büdrəmələrini gözləyəcəklər və həlledici məqam da o olacaq. Öz aralarındakı oyunda qalib tərəf olsaydı, onun çempionluq əldə edəcəyini demək olardı. Amma görüş heç-heçə ilə yekunlaşdığı üçün çempionluq digər komandalardan daha çox asılı olacaqdı.
- Milli komanda barədə nə deyə bilərsiniz?
- Eşitdiyimə görə, Litva və Lixtenşteynlə eyni qrupa düşüblər. Hər iki komanda gücümüzə görədir. Bəlli məsələdir, rəqiblər də D Liqasında olduqları üçün bizdən o qədər də irəlidə deyillər. Deməzdim ki, çox da geridədirlər. Ayxan Abbasova və millimizə uğurlar, tezliklə o liqadan yuxarı çıxmağı arzulayıram.
- Yığmada çalışmağı fikrinizdən keçirmisiniz?
- Bu sualı necə başa düşüm: "Bir dənə U-17-ni təklif etsəydilər, gedərdik" tərzindəmi?
- Xeyr. O mənada ki, indiyədək klublarda çalışsanız da, milli komandaların heç birində baş məşqçisi olmamısınız...
- Qismət olsa, olacağam, olmasa, yox. Bu gün belə bir şey fikrimdən keçməyib. Daha doğrusu, bunu fikirləşməmişəm.
Elşən MƏMMƏDOV













































































