"Neftçi"ni mübahisəli qərarların müzakirəsinə dəvət etməsi AFFA tərəfindən yaxşı hərəkət deyil".
Bunu Sportnet.az-a açıqlamasında Azərbaycan Futbol Hakimləri İctimai Birliyinin sədri Gülağa Cabarov deyib.
Keçmiş referi bildirib ki, başa çatan turdakı mübahisəli epizodlara şərhi AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov yox, AFFA prezidenti yanənda bitərəf komissiya verməlidir: "Bu, bir çox ölkələrdə var. Həmin komissiya turun oyunlarını təhlil etməli və qərarlar verməlidir. Lakin Azərbaycanda belə komissiya yoxdur. Ona görə də şərhi Hakimlər Komitəsinin sədri verir".
G.Cabarov oyunların təhlilini aparmaqdan ötrü AFFA prezidenti yanında bitərəf komissiyanın yaradılmasını təklif edib: "Bu komissiya bir çox suallara cavab verə bilər, bir çoxlarına imkan verməz ki, artıq danışsınlar. Qiyməti bitərəf insanlar versələr, bu cür söz-söhbətlər aradan götürüləcək".
AFFA Hakimlər Komitəsinin sabiq sədrinin fikrincə, Azərbaycan futbolunda bitərəf mütəxəssislərin sayı həddindən artıqdır: "Mən bu komissiya üzvlüyünə heç kimi təklif etmirəm. Sadəcə, dediyim odur ki, bu gün hakimlər barədə yalnız jurnalistlər danışırlar. Heç kimdən mütəxəssis fikri soruşulmur. Heç yerdə mütəxəssis axtarılmır. Yalnız jurnalistlər təhlil apardıqdan sonra qərar verirlər. Onlar da Hakimlər Komitəsi ilə ya razılaşırlar, ya da yox. Lakin sərbəst, heç bir yerdən asılılığı olmayan, bitərəf mütəxəssis tapılmalıdır. Belə insanlar çoxdur. Azərbaycanda futbol hakimliyi həmişə yaxşı vəziyyətdə olub və daim mütəxəssislər çalışıb.
Qeyd edək ki, AFFA "Neftçi"nin Azərbaycan Premyer Liqasındakı hakim idarəçilyi ilə bağlı bəyanatına bəyanatla cavab verib. Milli assosiasiya "ağ-qaralar"ın rəhbərliyinə dəvət göndərərək, təqdim olunan epizodların detallı şəkildə təhlilini və mövcud sualların cavablandırılmasını təklif edib.













































































