"Qarabağ" və "Sabah" komandaları arasındakı Azərbaycan Premyer Liqasının XXII tur matçında baş vermiş münaqişəni qeydə almayan AFFA nümayəndəsi Emin Cəfərov olub.
Sportnet.az-ın məlumatına görə, Cəfərov AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəridir.
O, milli assosiasiyanın keçirdiyi bütün yarışlara cavabdeh şəxsdir. Bura Region Liqası, Yüksək Qızlar Liqası, Gənclər Liqası və müxtəlif yaş qrupları üzrə liqalar daxildir.
Cəfərov həm də beynəlxalq statuslu şəxsdir. AFFA rəsmisi vaxtaşırı UEFA nümayəndəsi kimi xaricdə keçirilən oyunlara təyinat alır. O, son olaraq, martın 3-də Kosovo və Cəbəllütariqin qadın yığmaları arasındakı dünya çempionatının seçmə matçında UEFA nümayəndəsi olub.
Cəfərov başda Oksana Kruk olmaqla, moldovalı xanım hakimlərin işinə qiymət verib.
Azərbaycan Premyer Liqasının oyunlarının təşkili və keçirilmə məsələləri Peşəkar Futbol Liqasına məxsusdur. Belə bir halda, AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbərinin bu oyunlarda olması da məntiqli görünmür.
Yəni, Premyer Liqanı təşkil edən quruma AFFA-da analoji vəzifəni tutan şəxsin qiymət verməsi qəbuledilməzdir. Görünür, AFFA ya bu məqamı unudub, ya da bilərəkdən edir. Hər iki halda yanlışlıq ortadadır.
Necə ola bilər ki, UEFA nümayəndəsi qədər üstün keyfiyyətlərə malik Emin Cəfərov iki komandanın futbolçuları və məşqçilər heyəti, texniki personalının qarışdığı davanı görməzdən gəlsin? Mümkün deyil!
Hadisəni oyunun protokolunda yazsaydı, əsas səbəbkar "Sabah"ın köməkçi-məşqçisi Valerio Zuddas ağır cəzaya, klubun özü isə böyük məbləğdə cəriməyə məruz qalacaqdı.
Bəlkə o da "Sabah"ın qəzəbinə tuş gəlməkdən qorxub?
Ya da bəlkə Emin Cəfərov da "Sabah"ın adamıdır?