"Gec gəldiyimiz üçün üzürlü sayın. Rayonda mənim riyaziyyat-həndəsə müəlliməm var idi - Gülnaz müəllimə. Sonuncu dəfə bəlkə də 30 il əvvəl görmüşdüm. Demə, həmişə oyunlarımıza gəlir, izləyir. Bunu eşitmişdim, amma bu gün dedilər ki, buradadır. Onunla görüşürdüm".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Araz-Naxçıvan"a 6:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXIII tur matçından sonra mətbuat konfransında deyib.
54 yaşlı mütəxəssis stadiona toplaşan xeyli sayda qadın azarkeşə təşəkkürünü bildirib: "Bu gün qadınlar bayramıdır. Onların hər birinə uzun ömür, can sağlığı və xoşbəxtlik arzulayıram. Stadiondakı hər bir azarkeşə təşəkkür edirəm".
Qurbanov yaxşı oyunun alındığını vurğulayıb: "Həm bol qollu matç, həm də yaxşı hücumlarımız alındı. Həm düşündüyümüz, həm də son iki gün ərzində hazırlaşdığımız kombinasiyaları, məşqdə etdiklərimizi meydançada gördüm. Bu, çox önəmli idi. Çünki bu, mənə futbolçuların yavaş-yavaş özlərinə gəlməyə başladıqlarına dair inam verdi. Bəzən alınmayanda görürsən ki, yorğunluq, gərginlik qalır. Ona görə də futbolçular düşündüklərini və istədiklərini meydançada göstərə bilmirlər. Lakin bu gün xeyli yaxşı iş gördük. Buna baxmayaraq, narazı qaldığım epizodlar çox oldu. Elə oyundan sonra da bəzi iradlarımı futbolçularıma bildirdim ki, bunları mütləq yaxşılaşdırmalıyıq. İnanıram ki, bunlar da bir neçə oyundan sonra tam qaydasına düşəcək".
Baş məşqçi rəqib barədə də fikirlərini bölüşüb: "Araz-Naxçıvan"a uğurlar arzulayıram. Baxmayaraq ki, belə hesablarla uduzur, amma yenə də öz oyun fəlsəfəsindən əl çəkmir. Yaxşı oyun və mütəşəkkillikləri var idi. Sadəcə, bizim futbolçular bəzi epizodlardan daha ustalıqla, yaxşı keyfiyyətlə yararlana bildilər. Düzü, digər oyunlarda da bu qədər qol vurduğumuzu düşünməmişdim, tamamilə bu matça köklənmişdim. Ümumiyyətlə, "Araz-Naxçıvan" əvvəllər də baxımlı oyun futbol oynayıb. Bilmirəm, bu, rəqibin açıq futbol oynamasına görədir, ya yox. Amma ola bilsin, yaxşı idman formasında olduğumuz vaxta düşüb. İstənilən halda, onlar bizim üçün heç vaxt asan rəqib olmayıb. Ola bilsin, bu gün kənardan rahat göründü. Amma oyunçuları çox aktiv idilər və komandamız çox əziyyət çəkdi".
O, narazı qaldığı məqamlara da aydınlıq gətirib: "Həm müdafiədə, həm də ikinci hissənin ilk 20 dəqiqəsində oyun quruculuğunda tələskənliklər, top itkiləri oldu. Düzü, bunlardan razı qalmadım. Bunları etməli deyildilər, daha ciddi olmalı, daha səliqəli oynamağı düşünməli idilər".
Oğlu Musa Qurbanlının son oyunlarda qollar vurmasını sevindirici hal sayan Qurbanov dünya təcrübəsində də sonradan meydançaya daxil olan futbolçuların oyunu dəyişdirməsinin çox vacib olduğunu vurğulayıb: "Buna bir qabiliyyət, bacarıq lazımdır. Xüsusən də rəqib sıx müdafiədə oynayanda belə futbolçulara ehtiyac olur. Musada yaxşılığa doğru irəliləyiş çoxdur. Əlbəttə, həvəsdən düşməli deyil. Daha aktiv olmalı, həm məşqdə, həm də oyunlarda mübarizə aparmalıdır. Yavaş-yavaş böyüyür. Bu, hamız üçün sevindiricir. Hazırda ondan razıyam".
Təcrübəli mütəxəssis artıq Premyer Liqaya daha çox diqqət ayıracaqlarını bildirib: "Bəli, çempionata daha çox diqqət ayıracağıq. Amma futbolçularımızın həm fiziki, həm də psixoloji cəhətdən özlərinə gəlmələrinə hələ bir az da ehtiyac var. Bu, bizim üçün bəlkə də ən gərgin mövsümlərdən biri oldu. Çempionlar Liqasının oyunları, gözləntilər... 10 yox, 3-4 xalımız olsaydı, bəlkə də futbolçularımız çempionatda rahat çıxış edərdilər. Yəni, heç kimin pley-off mərhələsinə çıxa biləcəyimizə inamı, bizdən daha çox tələbi olmazdı. Lakin qalib gəldikcə, daha çox tələb oldu və futbolçularımız istər-istəməz məsuliyyətlərini artırdılar. Beləliklə, son turadək gərginlik davam etdi. Sağ olsun futbolçularımız, o gücü tapdılar və gərginliyə dözdülər. Bu gün belə hesabla qalib gəlsək də, çempionat heç də asan deyil. Hər oyunumuz son saniyələrədək gedir. Elə olub ki, son saniyələrdə qalibiyyət əldə etmişik. Sadəcə, bundan sonra daha rahat hazırlaşmağa şansımız olacaq. Bu günədək isə 3-4 gündən bir oyunlarımız olurdu, komandada disbalans var idi".
O, "Qarabağ"ın çempionluq şanslarını isə belə dəyərləndirib: "Təəssüf ki, qarşıdakı 2 turdan sonra fasilə yaranacaq, komanda bir yerdə olmayacaq. Halbuki hamını yaxşı səviyyəyə gətirməkdən ötrü birlikdə olmaq mənim üçün çox vacib idi. Baxmayaraq ki, "Sabah"ın şansı daha çoxdur, çox yaxşı komanda formalaşdırıblar və yaxşı oyun nümayiş etdirirlər, biz sonadək mübarizə aparacağıq. Qarşıdakı günlərdə futbolçularımız idman formalarını mütləq yaxşılaşdırmalıdırlar".
Baş məşqçi "Sabah"la Azərbaycan Kubokunun yarımfinalında da rəqib olacaqlarını xatırladıb: "Bunlar fərqli turnirlərdir, futbolçular da çempionata və kuboka fərqli yanaşırlar. Kubok başqa bir prestijdir. Amma bu cür komanda ilə qarşılaşmaq, nəticədən və avrokuboklarda hansı turnirdə çıxış edəcəyimizdən asılı olmayaraq, bizim üçün yaxşı bir yay hazırlığı olacaq. Bu cür komanda ilə hələ 3 oyunun da olmasının hər iki tərəfə böyük faydası dəyəcək və böyük inam verəcək. "Sabah"la oyunlara qisas kimi yanaşmayacağıq, belə bir fikrimiz yoxdur. İllərdir bütün komandalara qarşı oyunlarımızı proqram üzrə keçiririk. Kuboku da nəzərə alaraq, 5-6 matç da olsa, oynayırıq".
Qurbanov ötən tur "Sabah"la qarşılaşmanın əlavə vaxtında qalmaqalın baş verməsinə təəssüfünü gizlətməyib: "Bu insident olmamalı idi. Digər tərəfdən, ümumiyyətlə, vərəqə göstərməyin tərəfdarı deyiləm. Həm azarkeşlər, həm də futbolçular arasındakı belə qalmaqallar futbolun gözəlliyinin bir hissəsidir, futbolun inkişafı, intriqanın daha da yaxşılaşması və keyfiyyətli olması üçün komandalara bəzən daha da böyük məsuliyyət verir. Belə hallarda qırmızı vərəqənin göstərilməsi və cəzalandırmaların tərəfdarı deyiləm. Sadəcə, meydançadan kənarda baş vermiş qalmaqaldır, o da yerindəcə həll olunur, bitir-gedir. Çünki elə epizodlar olur ki, düz-səhv, yaxşı-pisliyindən asılı olmayaraq, o an gərək yerindəcə qərar verəsən. Məncə, bu, daxildəki kinlə bağlı deyil, sırf idman emosiyalarıdır. Hamı udmaq istəyir. Bəzən bazada məşqçilər olaraq, yığışıb futbol oynayırıq. Orada da elə intriqalar, dava-dalaş, qışqır-bağır, söyüşlər olur ki... Amma oyun qurtarandan sonra hər şey qaydasına düşür. Futbol emosiya oyunudur. Belə hallar gələcəkdə futbolun daha da keyfiyyətli olmasına gətirib çıxarır".
O, çimərlik futbolu üzrə sabiq FIFA referisi İnqilab Məmmədovun bu mövsüm "Qarabağ"ın oyunlarına təyinat almamasından məlumatsız olduğunu söyləyib: "İnanın ki, bunu düşünməmişəm. Ümumiyyətlə, ağlıma gəlməyib. Amma onu hardasa görmüşəm axı... İnanın ki, heç düşünməmişəm".
Baş məşqçi komandanın qapıçılar üzrə məşqçisi kimi çalışan Hüseyn Seyidovun əsas köməkçi Elxan Həsənovla birlikdə çalışdığını diqqətə çatdırıb: "Komandamızın qapıçılarla iş üzrə məşqçisi hamımızın tanıdığı, hörmət etdiyi Elxan Həsənovdur. Mənim "Qarabağ"a gəlişimdən bir il sonra o da gəlib. Əvvəllər Nizami Sadıxov idi. 2009-cu ildən Həsənovla işləyirik. Belə deyək, qapıçıların baş məşqçisi odur. Hüseyn isə sadəcə, onun köməkçisidir. Həsənov çoxdandır həm özünə kömək etməyə, həm də komandanı gələcək üçün hazırlamağa gənc və perspektivli qapıçı məşqçisi axtarırdı. Çünki özünün də az yaşı yoxdur. Məşqlərimizdə qapıçıların sayı da çoxalıb. Aşağı yaş qruplarından da gətirərək, hər məşqdə 5-6 qolkiperlə işləyirlər. Həsənov Hüseyni yönləndirir. Özü mənə dedi ki, köməkçisini tam hazır olmasından ötrü Türkiyənin "Qalatasaray" və ya digər komandaya təcrübəyə göndərək. Hər ikisindən razıyam, amma cavabdeh şəxs Elxan müəllimdir. Hüseyn isə bacarıqlı, qabiliyyətli və daim axtarışda olan uşaqdır. Bütün günü birlikdə olur, müzakirə aparır, müştərək çalışırlar".















































































