"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Sabah"la 3:3 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXII tur matçının uzatma dəqiqələrindəki insidentdən danışıb.
Sportnet.az-ın məlumatına görə, 54 yaşlı mütəxəssis hadisənin təəssüf doğurduğunu bildirib.
Lakin o, tərbiyəsizliyə yol verən "Sabah"ın məşqçisi Valerio Zuddasın cəzalandırılmasının tərəfdarı olmadığını diqqətə çatdırıb: "Əlbəttə, "Sabah"la qarşılaşmanın əlavə vaxtında qalmaqalın baş verməsi təəssüf doğurur. Bu insident olmamalı idi. Digər tərəfdən, ümumiyyətlə, vərəqə göstərməyin tərəfdarı deyiləm. Həm azarkeşlər, həm də futbolçular arasındakı belə qalmaqallar futbolun gözəlliyinin bir hissəsidir, futbolun inkişafı, intriqanın daha da yaxşılaşması və keyfiyyətli olması üçün komandalara bəzən daha da böyük məsuliyyət verir. Belə hallarda qırmızı vərəqənin göstərilməsi və cəzalandırmaların tərəfdarı deyiləm. Sadəcə, meydançadan kənarda baş vermiş qalmaqaldır, o da yerindəcə həll olunur, bitir-gedir. Çünki elə epizodlar olur ki, düz-səhv, yaxşı-pisliyindən asılı olmayaraq, o an gərək yerindəcə qərar verəsən".
Qurbanovun fikrincə, bu, daxildəki kinlə bağlı deyil, sırf idman emosiyalarıdır: "Hamı udmaq istəyir. Bəzən bazada məşqçilər olaraq, yığışıb futbol oynayırıq. Orada da elə intriqalar, dava-dalaş, qışqır-bağır, söyüşlər olur ki... Amma oyun qurtarandan sonra hər şey qaydasına düşür. Futbol emosiya oyunudur. Belə hallar gələcəkdə futbolun daha da keyfiyyətli olmasına gətirib çıxarır".
Qeyd edək ki, AFFA İntizam Komitəsi Valerio Zuddasın hərəkəti ilə əlaqədar qərar vermək üçün yenidən bir araya gələcək.















































































