"Qarabağ"ın futbolçusu Musa Qurbanlı evdə "Araz-Naxçıvan"a 6:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXIII tur matçından sonra brifinq keçirib.
Sportnet.az-ın məlumatına görə, 24 yaşlı hücumçu əvvəlcə oyunu dəyərləndirib:
- Maraqlı və bol hücumlu qarşılaşma alındı. Xeyli epizodlarımız oldu. Bir-birimizi daha yaxşı hiss etmək üçün belə bir oyuna ehtiyacımız var idi. Hücumda daha çox kombinasiyalar qururduq. Əsas olan qələbə idi. Sevinirəm ki, buna nail olduq.
— Oyunlara sonradan daxil olsanız da, fərqlənməyi bacarırsınız. Bu barədə nə deyə bilərsiniz?
— Üzərində işləməli olduğum çox məqam var. Performansım hələ də məni tam qane etmir. Amma nə qədər çox oynasam və komandama fayda versəm, bir o qədər sevinərəm.
— Təklif gələrsə, yenidən legioner həyatı yaşamağı, Avropada oynamağı düşünərsiniz?
— Hələ ki, "Qarabağ"dayam və hazırda yalnız buranı düşünürəm. Öz üzərimdə işləyərək komandama daha çox fayda vermək istəyirəm. Hər hansı danışıq və ya konkret fikir olmayıb. Gələcəkdə nə olacağını zaman göstərəcək.
— Nə vaxtsa "Qarabağ"ın əsas futbolçularından biri olacağınızı düşünürsünüz?
— Əlbəttə, hər bir futbolçunun məqsədi əsas heyətdə oynamaqdır. Mənim də başlıca hədəfim yaxşı formada olub əsas futbolçulardan birinə çevrilməkdir ki, komandama daha çox fayda verə bilim. Düşünürəm ki, daha çox əziyyət çəksəm və məqsədimə doğru irəliləsəm, Allah da mənə kömək edər.
Haşım MƏMMƏDOV















































































