"Qarabağ"ın futbolçusu Leandro Andrade evdə "Araz-Naxçıvan"ı 6:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XXIII tur matçından sonra brifinq keçirib.
Sportnet.az xəbər verir ki, ilk yarıda 4 dəqiqə ərzində 2 qol vurmuş 27 yaşlı yarımmüdafiəçi əvvəlcə oyun barədə fikirlərini bölüşüb:
– Düşünürəm ki, ümumilikdə müsbət oyun oldu. Baş məşqçi Qurban Qurbanovun bizdən istədiklərinin çoxunu yerinə yetirdik. Qapımızı toxunulmaz saxlamağımız da yaxşı haldır – rəqib bizə qol vura bilmədi. Amma bəzi səhvlərimiz oldu və rəqib az qala bundan istifadə edib qol vuracaqdı. Buna diqqət etməliyik, çünki bu gün qol vura bilmədilər, amma növbəti oyunlarda bu şanslardan yararlana bilərlər.
– Bugünkü oyunda komandanız daha güclü idi, yoxsa rəqib zəif çıxış etdi?
– Bilmirəm. Mən sadəcə öz işimizə fokuslanıram, baş məşqçinin dediklərini yerinə yetirməyə çalışırıq. Düşünürəm ki, istək və düzgün oyunla çıxış etdikdə hər şey yaxşı gedə bilər. Rəqib də yaxşı komandadır və biz maksimum gücümüzlə oynamalı olduğumuzu bilirdik. Amma yenə də inkişaf etdirməli olduğumuz çox məqam var, çünki çempionatda birinci olmaq istəyirik.
– Çempionlar Liqasında İngiltərə "Nyukasl"ına məğlubiyyətlərdən sonra komanda bir qədər qeyri-stabil görünürdü. Bu böyükhesablı qələbə çempionluq uğrunda mübarizədə sizə əlavə motivasiya verirmi?
– Bəli, dediyiniz kimi, böyük rəqabət var və biz qalib gəlməliyik. Bu vacibdir, amma mövsüm hələ uzundur. Qarşıda çox çətin oyunlar var və "Sabah" da çox güclü çıxış edir. Onların daha çox xal qazanmasına imkan verə bilmərik.
– Növbəti turdakı rəqibiniz "Zirə" barədə nə düşünürsünüz?
– Çox çətin rəqibdir. Son vaxtlar onlarla çox heç-heçə etmişik. Ona görə hazır olmalıyıq. İndi bir az dincələcəyik, sonra məşqlərə başlayıb həmin oyuna ciddi hazırlaşacağıq.
– Oyundan əvvəl belə böyük hesablı qələbə gözləyirdiniz?
– Açığı, bu barədə düşünmürdüm. Sadəcə "qol-qol" irəliləməyi düşünürdük. Hesab 1:0, 2:0, 3:0 olanda da diqqətimiz müdafiədə idi. Çünki yaxşı müdafiə olunaraq qol buraxmasaq, qələbəyə daha yaxın olarıq.
Haşım MƏMMƏDOV












































































