"Neftçi"nin baş məşqçisi Yuri Vernidub evdə "Turan Tovuz"a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXIII tur matçından sonra mətbuat konfransı keçirib.
Ukraynalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
- Komandanız sizin rəhbərliyiniz dövründə ilk dəfə məğlub oldu. Bundan sonra motivasiyanızda eniş yaşana bilərmi, yoxsa bunu bir təsadüf və ya qəza sayırsınız?
- Nə vaxtsa bir gün bir məğlubiyyət olmalı idi. O da gəlib bu günə düşdü. Oyuna baxanda demək olmaz ki, bu məğlubiyyətə layiq idik. Bu oyun ən azı heç-heçə ilə bitməli idi. Hətta udmaq da mümkün idi. Nə rəqibdə, nə də bizdə çox böyük epizodlar oldu. Amma onlar bir şansı dəyərləndirə bildilər, biz isə yox. Bunu qəbul etmək, bununla barışmaq və işləmək lazımdır. Gələcəkdə nə olacağını həyat göstərəcək.
- Ötən tur baş vermiş hakim qərarlarının bugünkü oyuna köklənmə sarıdan komandaya nə dərəcədə təsiri var idi?
- Burada bir qarşılıqlı əlaqə yoxdur. İkinci hissədə daha pis oynadıq. Çoxlu qol epizodları və fürsətləri olmasa da, bütün matç kifayət qədər intensiv keçdi. Uduzduq, bu mərhələni də keçməli və yolumuza davam etməliyik. "Turan Tovuz" asan komanda deyil, ona görə də 3-cü yerdədir. Biz isə onlardan zəif deyilik, heç nədə geri qalmırıq. Təəssüf ki, bir qol buraxdıq, o da matçın taleyini həll etdi.
- Əlinizdəki heyət bu mövsüm hədəflərinizə çatmaq üçün yetərlidirmi?
- Bura gələndən hansı heyət var idisə, qalır. Heç kimi göndərməmişik. Bircə braziliyalı oyunçu Breno Almeydanı transfer etmişik. Bu heyətlə də davam edəcəyik.
- Bugünkü matçda hər iki cinah oyunçunuzun olmaması "Neftçi"yə nə dərəcədə təsirini göstərdi?
- Elə bir ciddi təsiri olmadı. Sadəcə, Luis Ortisi başından zərbə aldığı üçün məcburən dəyişməli oldum. Bizim 23 futbolçumuz var və hamısı oynamalıdır. Onlar bura ehtiyat oyunçular skamyasında oturmağa gəlməyiblər. Hər birindən də yararlanmalıyıq. Heç vaxt özümün yaxşı, oyunçularımın pis olduqlarını demirəm. Onlar çox yaxşı futbolçulardır. Yeganə istəyim odur ki, oyundan-oyuna artırsınlar.
- Karyeranızda ilk dəfə müsəlman ölkəsində işləyirsiniz. Oruc tutmağın komandaya təsiri varmı?
- Bəli, dəqiqliklə deyirəm ki, həqiqətən də bunun təsiri var. Amma bu, təkcə bizim komandada deyil, bütün klublara təsir göstərir. Mən də onların dini etiqadlarını pozmaq hüququnu özümdə görmürəm. Təkcə mən bunun öhdəsindən gəlməli deyiləm. Eyni hal "Turan Tovuz"da da var idi. Əlbəttə, saat 19:00-dək yemək yeməmək, yemək yedikdən bir saat sonra - 20:30-da oyuna çıxmaq... Təbii ki, belə rejim olmaz.
- Özünüzdən əvvəlki baş məşqçilərdən fərqli olaraq, nə "Mənə zaman lazımdır", nə də "Bu komandanı mən yığmamışam" deyirsiniz. Bu ifadələri işlətsəniz, bəhanə kimi qəbul olunacağınızı bilirsiniz, yoxsa bu cür fikir ümumiyyətlə beyninizdə yoxdur?
- Belə deyək: Mənə qədər burada baş məşqçi olub. Düzdür? Onun barədə heç bir pis söz deyə bilmərəm. Bu, qeyri-etikdir. O, mənim həmkarımdır. Komandanı yığıb, mən də bura işləməyə gəlmişəm. Mənə qədərki hər kəsin günahkar olduğunu ömrümdə deməmişəm və bundan sonra deməyəcəyəm. Gərək hər zaman zərbəni alıb dəf etməyi və insan kimi qalmağı bacarasan. Ona görə də indiyədək çalışdığım komandalarda nəticə olub.
- "Qarabağ"a qarşı təxirə salınmış oyununuz var. Apreldə rəqib bu oyunun keçirilməsini arzulamaya bilər. Çünki gələn ay "Sabah"la 3 matçları, üstəlik, sizinlə təqvim üzrə qarşılaşmaları olacaq. Bu səbəbdən, görüşlərin mayda keçirilməsini istəməyiniz mümkündürmü? Yenə "Qarabağ"a anlayış göstərəcəksiniz?
- Bu qərarı nə mən, nə də "Qarabağ" verir. Bildiyim qədərilə müvafiq səlahiyyət PFL-ə məxsusdur. Nə vaxt deyilsə, oynamağa hazırıq. Amma əlbəttə, mümkün tarixlər deyilsə, öz təkliflərimizi verəcəyik. İstənilən halda, hər iki klub tarixi razılaşdırmalıdır. "Sabah" desələr, sabah oynayacağıq, "birisigün" desələr, birisigün. Bilmirəm. Özüm də güclü komandaya qarşı oynamaqda maraqlıyam. Bu gün futbolçularıma dedim ki, "Turan Tovuz"la oynayacağıq, rəqib güclü komandadır, 3-cü yerdə gedir. Bu mövqeyə çatmaq üçün özümüzün nələr etməli olduğumuzu yoxlamaq istədim. Əlbəttə, həyat bununla bitmir. Yolumuza davam edəcəyik. Növbəti oyunda əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq.
Sonda "Neftçi"ni dəstəkləyənlərə təşəkkür edirəm. Onların sayı kifayət qədər artdı. Bu, çox xoşuma gəlir və bizi ilhamlandırır. Biz daha yaxşı oynamağa çalışacağıq.













































































