İran qadın futbol yığmasının üzvlərindən biri Avstraliyada humanitar sığınacaqla bağlı qərarını dəyişib.
Sportnet.az xəbər verir ki, bu barədə Avstraliyanın daxili işlər naziri Toni Bark məlumat verib.
Nazirin sözlərinə görə, əvvəlcə yeddi iranlı futbolçu və nümayəndə heyətinin üzvlərinə Avstraliyada humanitar sığınacaq təklif olunub. Çərşənbə axşamı beş futbolçu təhlükəsizlik səbəbindən ölkədə qalmaq istədiklərini bildirib və humanitar vizalar alıblar. Daha sonra bir futbolçu və məşqçilər heyətinin üzvü də bu təklifi qəbul edib.
Lakin sonradan futbolçulardan biri fikrini dəyişərək Avstraliyadakı İran səfirliyi ilə əlaqə saxlayıb və onların nəzarətinə verilməsini istəyib. Bu addım təhlükəsizlik səbəbilə gizli saxlanılan digər iranlıların yerləşdiyi məkanın açıqlanmasına səbəb olub.
Buna görə də Avstraliya hökuməti ölkədə qalmaq istəyən digər iranlı futbolçuları təhlükəsizliklərini təmin etmək üçün dərhal başqa yerə köçürüb.
Məsələ İran futbolçularının Qadınlar arasında Asiya Kubokunun ilk oyununda dövlət himnini oxumamasından sonra gündəmə gəlib. İran dövlət televiziyası həmin futbolçuları efirdə “müharibə vaxtı xainlər” adlandıraraq tənqid edib.
Bu arada Asiya Futbol Konfederasiyasının (AFC) nümayəndəsi bildirib ki, hazırda İran qadın futbol yığması Malayziyadadır. Komanda Sidneydən yola düşərək Kuala-Lumpurda oteldə yerləşdirilib.
AFC futbolçuların təhlükəsizliyinin və rifahının əsas prioritet olduğunu vurğulayıb və media nümayəndələrini komanda üzvlərinin şəxsi həyatına hörmətlə yanaşmağa çağırıb.









































































