"Bu rəqibə qarşı oyunlarımız çox çətin alnır. Hər bir qarşılaşmada kifayət qədər mübarizə olur. Bu dəfə də oyunçularım mübariz oyun göstərməyə çalışdılar. Müəyyən şanslarımız oldu. Onlar da şanslar qazandılar. Lakin sonucda məğlub olduq".
Sportnet.az-ın məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Saşa İliç evdə "Şamaxı"ya 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXIV tur matçından sonra mətbuat konfransında deyib.
Daha sonra serbiyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
- Futbolçular konkret oynamırlar. Səbəb nədir: Sizə qarşı birləşiblər, yoxsa...
- Xeyr, mən belə düşünmürəm. Fikrimcə, mübarizə apardılar, kifayət qədər çalışdılar.
- 9-cu oyundur qalib gələ bilmirsiniz. Problem nədir?
- Düzü, cavabını bilmirik. Amma bu gün digər oyunlara baxanda, məncə, daha yaxşı çıxış etdik. Şanslarımız da var idi. Hər bir oyunçu maksimumunu verməyə çalışır. Amma 9 oyundur qələbə qazana bilməməyimizin səbəbini bilmirəm.
- Budan sonrakı qarşılaşmalara hansı hədəf üçün çıxacaqsınız?
- Avrokubok şansımız getdikcə azaldığından, yerli oyunçulara, akademiya futbolçularının təcrübələrini artırmalarına daha çox fokuslanmalıyıq. Burada yeni bir söz deyə bilmərəm, əvvəlki sözümün üstündə dururam. Çalışacağıq ki, gənclərə daha çox şans verək.
- Ötən mətbuat konfranslarında klub rəhbərliyinin gənclərlə işləməyimizə qərar verdiyini, penaltini vurmağa dair qərarı futbolçuların özlərinin qəbul etdiyini demişdiniz. Baş məşqçi kimi bunu nə dərəcədə doğru sayırsınız?
- Ötən tur "Karvan-Yevlax"la qarşılaşmada Səbuhi Abdullazadənin penalti vurmasına mən qərar vermişdim. Qol vursa da, zərbəsi özünün də xoşuna gəlməmişdi. Ona görə ikinci penaltidə özləri qərar verdilər ki, bu dəfə Rüstəm Əhmədzadə yerinə yetirsin. Ona görə dəyişdilər. Bu mövsüm kifayət qədər penalti qaçırmışıq. Elə Aleksandr Ramalinqomun qaçırdığı penaltilər də var. Burada ayrı məsələlər, konflikt yoxdur. Bu, nəzarət altındadır. Sadəcə, penaltidən hər zaman qol vurmaq alınmır. O ki qaldı, strategiya dəyişikliyi qərarını rəhbərlik verib. Mən də hörmətlə yanaşıram. Nəticə olmayanda daha çox gənclərə fokuslanırıq ki, bu da normaldır. Burada qeyri-adi nə isə görmürəm.
- Bura böyük ümidlərlə gəlmişdiniz. Qış fasiləsindən sonra klub daxilində və ətrafında baş verənlərə görə peşmanlığınız yoxdur?
- Təbii ki, belə nəticələrdən təəssüf hissi keçirirəm. Yaxşı başlamışdıq, amma bilirdik ki, müəyyən məqamda bizə yaxşı oyunçular lazım olacaq. Bunu da danışır, çalışırdıq. Alınmadı və nəticədə bu, bizə problem yaratdı. Çünki 6-7 komanda var ki, onların komplektləşdirilməsi daha yaxşıdır. Biz bunu bilirdik. Yeni oyunçular istəyirdim, amma alınmadı. Buna görə də belə nəticələr göstəririk.
- Bəs "Kəpəz", "Karvan-Yevlax" kimi aşkar autsayderlərlə oyunlarda bu legionerlər yetərli deyildi?
- Futbolda müəyyən nəticələr, hər şey olur. "Qarabağ" da bizdən kifayət qədər yaxşı komandadır, amma biz birinci dövrədə onlara qalib gəlmişdik. Mənim danışdığım əsas məsələ strategiyadır. Mövsümün əvvəlindən planlaşdırdığımız strategiyaya uyğun getməliyik. Özüm də oyunçu olmuşam. Peşəkar klub deyiriksə, bu strategiyanı gərək saxlayardıq. O ki qaldı nəticəyə, futbolda hər şey ola bilər.
- Belə situasiyada komandadan ayrılmaq barədə düşünürsünüz?
- Əslində müqaviləm var, işimi davam etdirməliyəm. Müqaviləmin uzadılıb-uzadılmayacağına dair suala mən cavab verə bilmərəm. Hazırda bunu yox, nəticələrimizin azarkeşlər, şəhər, mənim üçün yaxşı görünmədiyini düşünürəm. Hazırda mübarizəmizi sonadək davam etdirməyə fokuslanmışam. İndiki situasiya çox ağırdır. Mövsüm bitəndən sonra danışarıq.














































































