"Qarabağ"ın futbolçusu Kamilo Duran səfərdə "Zirə"ni 3:1 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XXIV tur matçından sonra brifinq keçirib.
Sportnet.az qollardan birinin müəllifi olan kolumbiyalı hücumçunun müsahibəsini təqdim edir:
— Oyunu necə qiymətləndirirsiniz?
— Gözləyirdik ki, çətin oyun olacaq. Adətən “Zirə” ilə oyunlar həmişə ağır keçir, rəqib həmişə işimizi çətinləşdirir. Amma komandamız yaxşı iş gördü və 3 xalı qazandıq. İndi isə növbəti oyuna köklənmək vaxtıdır.
— Meydançaya çıxanda artıq məlum idi ki, “Sabah” qələbə qazanıb. Bu məqam oyunöncəsi üzərinizdə əlavə təzyiq yaradırdı?
— Xeyr, ümumiyyətlə məqsədimiz hər oyuna 3 xal istəyi ilə çıxmaqdır. Bu oyun da istisna olmadı. Ümumi vəziyyətdən asılı olmayaraq, hədəfimiz qələbədir.
— Aprel ayında “Sabah”la üç oyununuz var. Bu ayı həlledici saymaq olar?
— Bəli, müəyyən mənada həlledici saymaq olar. Yaxşı hazırlaşmaq lazımdır ki, həmin üç oyunda qələbə qazanaq. Ümid edirəm ki, qalib gələcəyik.
— Kolumbiya millisindən dəvət aldığınız barədə xəbərlər var. Bununla bağlı nə deyə bilərsiniz?
— Hələ mənə heç kim zəng etməyib. Gözləmək lazımdır ki, milli komandaya çağırılacaq oyunçuların siyahısı açıqlansın. Hələ siyahı rəsmən açıqlanmayıb.
Haşım MƏMMƏDOV











































































