Hazırda ABŞ-nin "İnter Mayami" komandasında çıxış edən Luis Suares Uruqvay millisində yenidən oynaya bilər.
Sportnet.az xəbər verir ki, bu barədə 39 yaşlı hücumçunun özü “El Pais” nəşrinə müsahibəsində bildirib.
Suares yığma karyerasını 2024-cü ilin sentyabrında başa vurduğunu açıqlasa da, dünya çempionatı öncəsi geri dönüş ehtimalını istisna etməyib.
Təcrübəli forvard Uruqvay millisindən dəvət alacağı halda, heç vaxt “yox” deməyəcəyini bildirib: “Əlbəttə, milli komanda hər zaman insanın arzuladığı yerdir. Bu barədə indidən düşünməyə başlayırsan. Dünya çempionatı yaxınlaşanda və sənə ehtiyac olarsa, nə edərsən? Mən heç vaxt ölkəmə “yox” demərəm. Nə qədər ki, futbol oynayıram və aktivəm, bu mümkün deyil”.
Qeyd edək ki, Uruqvay millisinin tarixində ən çox qol vuran Luis Suares 143 oyunda 69 dəfə fərqlənib. O, milli komandadakı karyerasını gənc oyunçulara yol vermək üçün başa vurduğunu desə də, ehtiyac yaranarsa geri dönməyə hazır olduğunu vurğulayıb.
Veteran hücumçu ötən mövsüm "İnter Mayami" forması ilə də yüksək məhsuldarlıq nümayiş etdirərək, 17 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb.













































































