"Zirə"nin kapitanı Qismət Alıyevin "Turan Tovuz"la evdə 0:0 hesablı heç-heçə etdikləri Bizon Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab matçından sonra Sportnet.az-a müsahibəsi:
- Görüş haqqında təəsüratlarınızı bölüşərdiniz...
- 2:0 hesablı üstünlüyümüzə baxmayaraq, çox vacib kubok oyunu olacağını öncədən bilirdik. Bərabər səviyyəli görüş keçdi. Erkən qol buraxsaydıq, bizim üçün işin nə qədər çətinləşəcəyini bilirdik. Qolsuz keçsə də, maraqlı mübarizə oldu. Artıq hər şeyi unudub liqada oynayacağımız Tovuz səfərinə hazırlaşmalıyıq. Finala çıxmağımız o demək deyil ki, avrokuboka gedəcəyik. Yenə də, çempionatdakı yerimizi möhkəmlətməliyik. Sonra isə final haqqında düşünə bilərik.
- Cütün taleyini ilk görüşdə həll etdiyinizi düşünmürsünüz?
- Xeyr. İstər onlar olsun, istər də biz. 2:0 elə hesab deyil ki, bizi rahatlatsın. Belə vəziyyətlərdə geridönüşün dəfələrlə şahidi olmuşuq. Düşünmürəm ki, hansısa arxayınlığımız olub. Sonda istədiyimiz nəticəni qazana bilərək, finala çıxa bildik.
- Bu dəfə "Zirə" tilsimi qıraraq Azərbaycan Kubokunun qalibi ola bilər?
- Biz də çox istəyirik. İki dəfə finala çıxmışıq və hər iki halda "Qarabağ"a məğlub olmuşuq. Bunların biri penalti seriyasında baş verib. Rəqibin kimliyindən asılı olmayaraq, bu dəfə finalda daha diqqətli və istəkli çıxış edərək, kuboku qazanmaq ən böyük niyyətimizdir.
- "Qarabağ"ı arzuolunmaz rəqib hesab edirsiniz?
- Düşünmürəm ki, "Qarabağ" arzuolunmaz rəqibdir. "Sabah" da çox yaxşı formadadır. Çempionluğun bir addımlığındadırlar. Bizim üçün rəqib fərq etmir. Hələ finalı düşünməyə ehtiyac yoxdur. Liqada finala bərabər bir neçə oyunumuz var. Hazırda öz yerimizi qorumağı və bacardığımız qədər üst pilləyə qalxmağı düşünürük. Finalın vaxtı çatanda o barədə fikir bildirmək olar.
Haşım MƏMMƏDOV


















































































