Azərbaycan Premyer Liqası təmsilçisi "Zirə"nin fanklubu olan "Qartal" rəsmi bəyanat yayıb.
Sportnet.az-ın xəbərinə görə, bəyanatda hakim təyinatları ilə bağlı narazılıq ifadə olunub:
"Əgər hakimlərin və futbol rəhbərliyində təmsil olunan bəzi nümayəndələrin bizim rəqiblərimizlə hər hansı şəxsi problemi, ədavəti və ya “görüləcək hesabı” varsa, bunun meydandakı təzahürünə görə “Zirə” FK məsuliyyət daşımır! Kimlərsə bizim rəqibimizə “pislik” etmək üçün bizim oyunumuzu seçirsə, bu, həmin şəxslərin vicdan və peşəkarlıq problemidir.
Hakimlərin rəqiblərimizə qarşı etdiyi haqsızlıqların günahkarı biz deyilik və bu qərarların kölgəsinin klubumuzun üzərinə salınmasına qətiyyən icazə verməyəcəyik. Bu, Zirənin problemi deyil! Öz şəxsi münaqişələrinizi və qərəzinizi bizim təmiz adımızdan istifadə edərək həyata keçirməyin.
Əsl haqsızlığı illərdir biz çəkirik. Bu gün rəqiblərin qarşılaşdığı və səs-küyə səbəb olan hakim səhvlərindən qat-qat daha ağır və daha qərəzlisi illərdir sistemli şəkildə “Zirə”yə qarşı tətbiq olunub. Amma bu hadisələr baş verərkən biz heç bir halda heç bir klub haqqında belə xoşagəlməz ifadələr işlətməmişik.
Ötən mövsümlərdə və bu mövsümün bir çox oyununda bizim haqqımız aşkar şəkildə tapdalanarkən susanların, bu gün süni şəkildə “Zirəyə şərait yaradılır” imicinin formalaşdırılması riyakarlıqdır. Biz illərdir hakim ədalətsizliyindən ən çox əziyyət çəkən tərəf olmuşuq və bu gün də heç kimdən “hədiyyə” gözləmirik.
“Zirə” FK-nı kiminsə kiməsə olan acığını çıxmaq üçün bir vasitəyə çevirməyə çalışanlar bilsinlər ki, bu oyunun iştirakçısı olmayacağıq. Bizə qarşı formalaşdırılan bu xoşagəlməz rəylər bizim deyil, rəqibləri ilə meydanda “hesablaşan” səriştəsiz hakimlərin və onların arxasında duranların ayıbıdır.
Biz meydanda yalnız təmiz, dürüst və ədalətli mübarizənin tərəfdarıyıq! Heç kimin haqqının bizim üzərimizdən yeyilməsinə razı deyilik və bunun məsuliyyətini daşımırıq!"



















































































