“Neftçi” bu gün Azərbaycan Premyer Liqasının 29-cu turunda “Qarabağ”ı qəbul edib.
Sportnet.az xəbər verir ki, 1:5 hesabı ilə məğlub olan “ağ-qaralar”ın məşqçisi Vitali Vernidubun oyundan sonra mətbuat konfransı keçirilib. Ukraynalı mütəxəssis “Qarabağ”la fərqli səviyyədə komandalar olduqlarını bildirib:
“Qarabağ”la fərqli səviyyədə komandalarıq. Biz də o səviyyəyə çatmaq istəyirik. Bu səviyyəyə çatmaq asan deyil. Ona görə də hər gün məşqlər etməliyik. Arada boşluq olarsa, həmin səviyyəyə çatmaq mümkün deyil. Oyunçular da nə qədər tez başa düşsələr, nəticə də olacaq. Belə oyunlarda təkcə motivasiya bəs etmir.
Düşünürsünüz ki, “Qarabağ”ı təhlil etməmişdik? Əlbəttə, etmişdik. Onlar UEFA Çempionlar Liqasında çıxış edən oyunçulardır. Həm də gözəl komandalara qarşı mübarizə aparıblar. Əlbəttə, oyuna hazırlaşmışdıq. Sadəcə, Musa Qurbanlı həmin mövqelərdə yaxşı oynadı və qarşısıalınmaz oldu. Hesab 1:5 oldu və biz bunu təhlil edəcəyik. Bu arada hesaba görə azarkeşlərdən də üzr istəyirəm. Bunun üçün bəzi dəyişikliklər edəcəyik. Əminəm ki, heyətdə müəyyən dəyişikliklər olacaq.
İstənilən halda psixoloji təsiri olacaq. Bu, danılmazdır. Amma sən peşəkar futbolçusansa, belə məqamlardan dirçəlməlisən. Bu oyundakı yaxşı-pis məqamları təhlil edəcəyik. Baxmayaraq ki, yaxşı məqamlar çox olmadı. Amma olanlara baxıb, onları da yaxşılaşdırmalıyıq. Məsələ budur. Hər kəs bilməlidir ki, “Neftçi”də oynamaq üstünlükdür”.
“Neftçi”nin baş məşqçisi Yuri Vernidub cəzalı olduğu üçün mətbuat konfransında iştirak etməyib.
“Neftçi” aprelin 30-da Premyer Liqanın 21-ci turundan təxirə salınan oyunda “Qarabağ”ı qəbul edəcək.












































































