"Turan Tovuz"un hücumçusu Ayxan Hüseynovun "Qarabağ"a səfərdə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXX tur matçından sonra Sportnet.az-a müsahibəsi:
- Oyun haqda düşüncələrinizi bölüşərdiniz...
- Məncə, ilk hissəni pis keçirmədik. Bizdə belə bir ümumi problem var ki, ikinci 45 dəqiqənin ilk 5-10 dəqiqəsində zəif çıxış edirik. "Qarabağ" da ondan istifadə edərək ardıcıl 2 qol vurdu. Sonrası bizim üçün çətin oldu. Çalışırdıq ki, oyunu dəyişdirək. Alınmadı.
- Gözəl qol vurdunuz. Düşünürsünüz ki, bu, ayın qolu seçilə bilər?
- Bilmirəm, kənardan görməmişəm. Məncə, yaxşı qol alındı. Çoxdandır qol vurmurdum. Komanda yolaşlarıma da "Qol vura bilsəm, çox yaxşı olardı" deyirdim. Bu tilsimi "Qarabağ"a qol vurmaqla bitirməyim yaxşı oldu.
- Sanki komanda 0:2 hesabı ilə geriyə düşdükdən sonra ayıldı. Əvvəldən belə oynamamağınızın səbəbi nə idi?
- İlk hissə mübarizəli keçdi. Bizim üçün çətin idi. Əks-hücumlara çıxırdıq. "Qarabağ"ın da yaxşı hücumları var idi. İkinci 45 dəqiqəyə çox pis başladıq. Meydan sahibləri baxımlı qol vursalar belə, biz elə qol buraxmamalı idik. Hələ paltardəyişmə otağından çıxmamışdıq.
- Sonda 2-3 epizod qaçırdınız. Bunları nəzərə alaraq deyə bilərik ki, "Turan Tovuz" bu gün minimum bir xal itirdi?
- Demək olar. Son dəqiqələrdə yaxşı imkanlar oldu. Mənim də dəyərləndirə bilmədiyim fürsətim oldu. Səhvlərimizin üzərində işləyəcəyik. Bu oyunu artıq unutmalıyıq.
- "Qarabağ"a məğlubiyyətlə 2-ci yer şansınızı itirdiyinizi deyə bilərik. Bu məqam komandaya son turlarda mənfi təsir göstərməyəcək?
- Belə vəziyyətlərdə bütün azarkeşlər, futbolsevərlər bizdən maksimumu göstərməyimizi istəyir. Elə düşünürlər ki, bu oyunu udsaq, üçüncü yeri ələ keçirə bilərik. Amma bizim hədəfimiz bu il avrokuboklara düşməkdir. Onu da qoruyub saxlamalıyıq. Biz ancaq gələn oyunu düşünürük. Tovuzda doğma azarkeşlərimiz önündə yaxşı performans göstərməliyik.
- Gələn mövsüm Avropa Liqasına yox, Konfrans Liqasına çıxmağınız sizin üçün daha asan rəqiblər olacağı üçün əsas mərhələyə yüksəlmə şansınızı artırır. Bu baxımdan hansı turnirə düşməyi müsbət məqam kimi görürsünüz?
- Onu fikirləşmək üçün tezdir. Ağır mövsüm keçiririk. Oyun sayı çoxdur. Biz ancaq növbəti 3 görüşümüzü fikirləşirik. Onlar bitsin, bir az dincələk. Sonrasında da avrokuboku fikirləşərik.
- Gözləntilərin yüksək olmasında Kurban Berdiyev amili böyük rol oynayır. Onu "Rubin"də, "Rostov"da Avropada uğurlu çıxış etdiyini görmüşük...
- Bəli. Baş məşqçimiz futbolda hər şeyi görüb. Onun peşəkarlığı bizim üçün həm hazırlıq, həm də mənəvi dəstək baxımından çox böyük üstünlükdür. Onun hər dediyinə inanıram. Avrokubok haqqında danışmaq nə qədər tez olsa da, bizim belə bir baş məşqçimizin olmasına görə xoşbəxtik.
- Premyer Liqanı bu yerdə başa vursanız, keçirdiyiniz mövsümü komanda üçün uğurlu hesab edə bilərsiniz?
- Bəli. Məncə, çox uğurlu mövsüm keçirdik. Premyer Liqada 4-cü mövsümünü keçirən komanda üçün bu, uğurlu nəticədir.
- Əvvəlki mövsümlərdə "Qarabağ"a qarşı daha yaxşı çıxış edirdiniz. İndi isə, onlara 3 oyunun hər birində uduzdunuz. Bu, nə ilə əlaqədardır?
- Əksərən minimal fərqlə uduzmuşuq. İstənilən halda, rəqibimiz "Qarabağ"dır. Onlara qarşı çıxış etmək həm sevindirici, həm də çətindir. Keçən il elə oyunlar göstərirdik ki, özümüz belə, özümüzə inanmırdıq. Bu stadionda ötən mövsüm 5 dəqiqəyə 2 qol vurub qələbə qazanmışdıq. Bu, futboldur, olanda olur.
Mikayıl HACIYEV













































































