"Buradakı oyunlar həmişə ağır keçir. Çünki meydança da, hava şərtləri də bizim üçün bir qədər çətin idi. Amma yenə də komandamız vuruşdu və biz istədiyimizə nail ola bildik. Əsas odur ki, Bakıya 3 xalla qayıdırıq".
Bunu Sportnet.az-a açıqlamasında "Neftçi"nin futbolçusu Emin Mahmudov səfərdə "Karvan-Yevlax" üzərində 3:0 hesablı qələbə qazandıqları Azərbaycan Premyer Liqasının XXX tur matçını dəyərləndirərkən deyib.
Kapitan bildirib ki, UEFA Konfrans Liqasına vəsiqə şansları hazırkı durumda təkcə özlərindən asılı deyil: "Biz, sadəcə, gələcək oyunları düşünməliyik. Çünki Bizon Azərbaycan Kubokunun finalında nəticənin necə olacağını hələ bilmirik. Çempionatdakı qarşılaşmalarımızdan qalib ayrılmalıyıq ki, avrokuboku da fikirləşək".
Qeyd edək ki, "Neftçi" 30 turdan sonra 50 xalla 4-cü pillədə qərarlaşıb. Mayın 13-də Azərbaycan Kubokunun finalında "Sabah" "Zirə"ni məğlub etsə, "ağ-qaralar" ən azı bu mövqedə qalmaq üçün mübarizə aparmalı olacaqlar.















































































