
Rusiya "Krasnodar"ı ilə "Qəbələ" arasında keçiriləcək Avropa Liqasının qrup mərhələsinin II tur matçı öncəsi mətbuat konfranslarının yeri və vaxtı müəyyənləəşib. Sportnet.az-ın məlumatına görə, hər iki tədbir sentyabrın 30-da "Kuban" stadionunda baş tutacaq.
Əvvəlcə Bakı vaxtı ilə saat 15:00-da meydan sahiblərinin baş məşqçisi Oleq Kononovla yarımmüdafiəçi Yuri Qazinski media önünə çıxacaq. Saat 16:45-də jurnalistlər klubun "Çetuk" təlim-məşq bazasına avtobusla yollanacaqlar. Onlar saat 18:00-a planlaşdırılan məşqin ilk 15 dəqiqəsini izləyə biləcəklər.
Həmin avtobus media nümayəndələrini geriyə - "Qəbələ"nin saat 21:15-də başlanacaq mətbuat konfransına qaytaracaq. Jurnalistlər qarşısına isə baş məşqçi Roman Qriqorçukla müdafiəçi Arif Daşdəmirov çıxacaq. Saat 22:00-da "qırmızı-qaralar"ın "Kuban" stadionunda ilk 15 dəqiqəsi açıq olan məşqi başlanacaq.
Qeyd edək ki, "Krasnodar" - "Qəbələ" matçı Bakı vaxtı ilə 2 oktyabr saat 00:05-də başlanacaq.











































































