"Kəpəz”in əvəzedici heyətinin baş məşqçisi Azər Məmmədov Bakıda AFFA-nın təşkilatçılığı ilə keçirilən UEFA-nın A kateqoriyalı məşçi kursunda iştirak edir. Sportnet.az-ın məlumatına görə, klubun mətbuat xidmətinə açıqlama verən Məmmədov kursların gedişatı haqda danışıb.
"Çox əvvəllər düşünürdük ki, kateqoriya lazımsız bir şeydir. Amma indi lisenziya hər bir məşqçi üçün önəmlidir. B kurslarını oxumuşam, istəyim A kateqoriyası almaqdır. Biliyimi artırmaq üçün düşündüm ki, yenə oxumalıyam. Həm də artıq tələb var” deyə baş məşqçi bildirib.
Kurslar pulludur və iştirak üçün ödənişin məbləği 2000 manatdır. Məmmədovun təhsil haqqı "Kəpəz” tərəfindən ödənilib: "Özünüz fikirləşin, pul ödəyib oxuyursan. Deməli, kurslarda öyrənmək üçün nəsə var. Məni kursa dəvət edəndə çox sevindim. Çox namizəd olub. Çalışacağam ki, kursu uğurla başa vurum”.
A kateqoriyalı məşçi kursunun 1-ci mərhələsi oktyabrın 19-dan başlayıb. AFFA-nın Futbol akademiyasında keçirilən məşğələlərə Aslan Kərimov və Osman Rəhimov rəhbərlik edir. Kursun bu mərhələsinə oktyabrın 23-də yekun vurulacaq.