Noyabrın 21-də səfərdə "Sumqayıt"la qarşılaşacaq "Qəbələ" iki gün sonra eyni adlı şəhərdə PAOK-la oyunun hazırlıqlarına start verəcək. Sportnet.az-ın məlumatına görə, komanda noyabrın 25-də doğma şəhərdən çarter reysi ilə oyunun keçiriləcəyi Saloniki şəhərinə yola düşəcək.
"Sumqayıt"la görüşdə hücumçu Sergey Zenyovla qapıçı Dmitri Bezotosnı forma geyinməyəcək. Onların Avroliqa oyununda meydana çıxıb-çıxmayacağı isə bilinmir. Əvəzində digər zədəlilər Ruslan Abışov, Fakundo Pereyra və Ermin Zets artıq komandayla məşqlərə qoşulub. Bu oyunçuların da nə vaxt meydana çıxacağı məlum deyil. PAOK-un "Qəbələ"də icarə əsasında çıxış edən futbolçusu Pereyranın iki klub arasındakı razılaşmaya əsasən, Yunanıstanda meydana çıxmayacağı dəqiqdir.
Qeyd edək ki, "Tumba" stadionunda keçiriləcək PAOK - "Qəbələ" matçı noyabrın 26-da yerli vaxtla saat 22:05-də (Bakı vaxtı ilə 27 noyabr saat 00:05-də) başlanacaq.