"Maraqlı oyun alındı. Biz kifayət qədər güclü komandaya qarşı oynadıq. Demirəm ki, udulası oyun idi. Problemlərimiz var". Sportnet.az-ın məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov deyib.
Azərbaycan Premyer Liqasının XIII turunda "Qəbələ" ilə evdə keçirilmiş oyundan sonra baş məşqçi bunları bildirib: "Yenə də yaradılan qol imkanlarından istifadə edə bilmədik. Sizə yalan demək istəmirəm. Bu problemi aradan qaldırmaq üçün işləyəcəyimizi deyə bilmirəm, çünki bu tip keyfiyyətlər futbolçunun özündən olmalıdır. Heyətdə iki eynisəviyyəli qapıçı olanda onların hər birinə şans vermək lazımdı. Nodar Məmmədovun əsas heyətdə olmaması isə Bəxtiyar Həsənalızadənin qayıdışı ilə bağlıdır. Ən çox üzən qol fürsətlərini lazımi dərəcədə dəyərləndirə bilmədik. Bunun nəticəsində 2:2 hesablı heç-heçə oldu. Deyə bilmərəm ki, ədalətlidir, yoxsa... Amma görünən odur ki, xal itirdik. Cəmil Hacıyevə dedim ki, başını aşağı salıb oynasan, komandada yerin olmayacaq".