
"Qarşıdakı oyuna ciddi hazırlaşırıq. Ötən turdakı ağır məğlubiyyəti azarkeşlərə unutdurmaq istəyirik. Bunun üçün də əlimizdən gələni edəcəyik”. Sportnet.az-ın məlumatına görə, bunu "Kəpəz”in futbolçusu Bəxtiyar Soltanov klubun rəsmi saytına açıqlamasında deyib.
Hücumçu komandasının Azərbaycan Premyer Liqasının XIV turunda "İnter”lə matça qələbə üçün çıxacağını bildirib: "Bütün rəqiblər güclüdür, demək olar ki, çempionatda zəif komanda yoxdur. Amma yenə də biz meydana qələbə üçün çıxacağıq. Başqa yolumuz yoxdur. Üç xal qazanmaqla komandamızın hansı məqsədlər üçün mübarizə apardığını ortaya qoyacağıq. Mütləq xal ehtiyatını artırmalıyıq”.
Soltanov ötən tur "Qarabağ”a qarşı matçda cəza səbəbindən "sarı-göylər”ə kömək edə bilməmişdi. Onun yoxluğu haqda mətbuat konfransında danışan baş məşqçi Şahin Diniyev Soltanovun oynamamasının komandanın cinahdan təşkil edilən hücumlarına təsir etdiyini açıqlamışdı. 26 yaşlı oyunçunun özü komandamızın gücünə güc qatmaq üçün lazım olanı edəcəyəyini açıqlayıb: "Üzərimə düşəni edib, "Kəpəz”in uğur qazanmasına töhvə vermək istəyirəm. Ağdam klubu ilə oyunda cəzalı olduğumdan, oynaya bilmədim. Bu səbəbdən daha çox istirahət etmək imkanım olub. Qələbə qazanmaq üçün çox çalışmalıyıq. Mübarizəni sonadək aparmaq lazımdır”.
Qeyd edək ki, "Kəpəz" - "İnter" matçı noyabrın 27-də Gəncə şəhər stadionunda keçiriləcək.