Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Qarabağ" klubu bu gün növbəti yoxlama matçını keçirib. Sportnet.az-ın məlumatına görə, rəqib Macarıstan yüksək liqasında çıxış edən "Dioşdyor" komandası olub.
"Kaya Palazzio" otelinin futbol meydanında baş tutmuş qarşılaşma Ağdam komandasının böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0. Qollardan 2-ni klubun yeni transferləri Muarem Muaremlə Rahid Əmirquliyev vurub.
"Dioşdyor" ötən mövsüm Macarıstan çempionatını 7-ci pillədə başa vurub. Mişkolts şəhərini təmsil edən komanda hazırda 19 turdan sonra 20 xalla 12 komanda arasında 9-cu pillədə qərarlaşıb. 96 yaşlı klub 1977 və 1980-ci illərdə ölkə kubokunu qazanıb.
Qeyd edək ki, "Qarabağ" Antalyadakı ilk yoxlama matçında Almanyanın regional liqa təmsilçisi "Rot-Vayss Essen"i yenib - 1:0.