Almaniyanın Münhen şəhərində Avropa Klublar Assosiasiyasının (ECA) Klub İdarəetmə Proqramının ilk sessiyası təşkil olunub. Sportnet.az-ın məlumatına görə, yanvarın 18-dən "Allianz Arena"da baş tutmuş Proqramın ilk sessiyasında klublarda rəhbərlik və idarəetmə strategiyası əsas mövzu olub.
3 gün davam edən tədbirdə Avropanın 29 futbol Assosiasiyasından ümumilikdə 40 təmsilçi iştirak edib. Görüşün ilk günü Avropa Klublar Assosiasiyasının (ECA) sədri Karl-Haynz Rummenige və qurumun baş katibi Mişel Centenaro Proqramın məqsədləri haqqında geniş məlumat veriblər. Daha sonra iştirakçılar "Klub İdarəetmə Proqramı"nın meneceri Olivye Yaroşun təqdimatında proqramın tərkibi ilə ətraflı tanış olublar.
Təbdirdə Avropa Klublar Assosiasiyasına üzv klublardan - "Bazel" klubunun sədri Bernard Hasler, "Mançester Siti"nin icraçı direktoru Ferran Soriano, "Brügge"nin sədri Bart Verhage və başqaları mühazirələrində futbol təsərrüfatı haqqında təcrübələrini iştirakçılarla bölüşüb və bu mövzuda qrup müzakirələri təşkil olunub. Seminarın sonunda iştirakçılar üçün "Allianz Arena" stadionunda tur təşkil edilib.
Tədbirə ECA-nın "Marketinq və Kommunikasiya üzrə İşçi Qrupu"nun üzvü, "Neftçi"nin icraçı direktoru Elnur Məmmədov da dəvət edilib.
Qeyd edək ki, klub idarəetməsinin müxtəlif sahələrinə dair biliklərin qazanılması məqsədi ilə keçirilən "Klub İdarəetmə Proqramı"nın icrası hər biri 2 gündən ibarət olmaqla 6 seminara bölünüb. "Klub İdarəetmə Proqramı"nın növbəti seminarı 22-23 mart tarixlərində Fransanın Lion şəhərində keçiriləcək.