Bu şəklin düz 10 illik tarixi var. Moskvada "Neftçi”nin "Birlik Kuboku”nu qazandığı vaxt idi. Ölkədən kənara ilk səfərim Azərbaycanın ənənəvi turnirdə ilk kuboku qazandığı 2006-cı ilin yanvarına təsadüf etmişdi. Zaur Tağızadə həmin vaxt "Neftçi”nin kapitanı olsa da, zədə üzündən turnirdə yalnız izləyici idi. Bu üzdən Tağızadəyə "Birlik Kuboku”nu kapitan kimi qazanmaq nəsib olmasa da, hər halda, o da qalib heyətin bir üzvü idi.
Millimizin tarixi oyunlarında tarixi qolların müəllifi
Tağızadədən əbəs yerə söz salmadım. Fevralın 21-də onun ad günü idi, 37 yaşı tamam oldu. Həmyaşıdıq, Zaur məndən heç 1 ay deyil böyükdür. "Facebook”da ona yazılan ad günü təbriklərini görəndə ürəyim açıldı. Deməli, Tağızadə unudulmayıb. Niyə də unudulsun? Düzdür, lider "Qarabağ”ın məşqçisidir, ardıcıl iki ildir çempion, Avropa Liqasının qrup mərhələsinin iştirakçısı olur, baş məşqçisi, keçmiş komanda yoldaşı Qurban Qurbanovun yanında böyük təcrübə toplayır. Ancaq Zaur futbolçu vaxtında olduğu kimi üzdə deyil. Yaşıl meydanda çıxışı zamanı xarakterində, nizam-intizamla bağlı problemləri olsa da, jurnalistlərlə arada məsafə saxlasa da, müsahibə verməklə heç arası olmasa da, çox vaxt ünsiyyətdən qaçsa da, futbolumuzda dəyərli təmsilçi olub. O, öz oyunu ilə "Qızıl oğlan” adına layiq olub. Bu adı isə ona "Futbol+” qəzeti, ondan ən geniş müsahibəni götürən, yazının həcminə görə idman mətbuatında rekord vuran Anar Şabanoğlu verib.
Zaurla şəxsi tanışlığım hələ 2001-ci ildə, jurnalistikaya gəldiyim ilk vaxtlar oldu. Onda "Futbol+”un sorğusunda ilin ən yaxşı futbolçusu seçilən Tağızadə redaksiyamıza gəlmiş və ona mükafatı həmkarım Ceyhun Əliyev təqdim etmişdi. Zaur üçün həmin il həqiqətən uğulu olmuşdu. Millimizin tarixində ən parlaq qələbələrdən olan Slovakiya yığması ilə rəsmi oyunun əsas qəhrəmanlarından idi. Respublika stadionunda 2:0 hesablı qələbədə 1 qol, 1 məhsuldar ötürmə ilə əsas pay sahiblərdən olmuşdu.
Ümumiyyətlə, Zaurun millidə uğurlu oyunları çox olub. O, hələ 20 yaşında Vitor Bayanın ayaqları arasından qol vurmuş, 2 gündə keçirilən məşhur Azərbaycan – Portuqaliya matçının (1:1) əsas qəhrəmanı (eyni zamanda qırmızı vərəqə alaraq antiqəhrəman) olmuşdu. Millimizin Serbiya və Çernoqoriya yığmasına "Şəfa” stadionunda 2:1 hesabı ilə qalib gəldiyi matçda azarkeşlərin "Zaur, Zaur” deyərək səslənməsindən sonra baş məşqçi Əsgər Abdullayevin meydana buraxdığı, penalti qazandığı, qələbədə böyük rolu olan futbolçu idi. Millimizin 23 illik tarixində ən böyükhesablı qələbəsini qazandığı oyunda (Azərbaycan- Lixtenşteyn 4:0) qol vuran futbolçulardan biri idi. Yeri gəlmişkən, millidə 5 qola imza atan Tağızadə evdə bir qayda olaraq, "Tofiq Bəhramov”da fərqlənib.
"Neftçi”ni "Xəzər Lənkəran”ın cəlbedici təklifinə dəyişməyən
Zaur futbolumuzda bir sıra "ilk"lərə imza atıb. O, hələ 15-16 yaşında – 1994/1995 mövsümündə Mingəçevir "Kür-Nur”unun heyətində milli çempionatın iştirakçısı olub. Tağızadəyə heç 20 yaşı tamam olmamış – 1997 - 1999-cu illərdə Estoniyada Tallinin "Lelle” və "Flora” klublarında, İslandiyada "Akranes”də legioner həyatı yaşamaq, bu 2 ölkənin çempionatında qol vurmaq qismət olub. O, klublarımızdan "Şəfa” və "Neftçi”də uzun müddət çıxış edib, hərəsində 100 və daha çox oyun keçirib. İlk titulunu – Azərbaycan Kubokunu Əsgər Abdullayevin rəhbərliyi altında elə "Neftçi”yə qalib gəlməklə (2:1) qazanıb. 2004-cü ilin qışında "Neftçi”yə gələrək həmin mövsümdə "qızıl dubl” edib. 2005-ci ildə isə "Neftçi”nin ardıcıl 2-ci çempionluğunda, ən əsası, həmin vaxtdan prinsipial rəqibə çevrilən "Xəzər Lənkəran” üzərində vacib qələbələrdə əsas memarlardan olub. "Ağ-qaralar”ın "qızıl oyun”a aparan "Xəzər Lənkəran”la Respublika stadionundakı matçda (2:1) etdiyi "dubl"la yadda qalıb. Gəncədə keçirilmiş "Böyük oyun”da da "Neftçi”nin 2:1 hesablı qalibiyyəti qeydə alınarkən, Zaur qələbə topunun müəllifi olub. "Xəzər Lənkəran”ın bundan sonra transferi üçün canfəşanlıq etdiyi, müqavilədə ürəyindən keçən məbləği yazmasını istədiyi Tağızadə cəlbedici təklifdən imtina edir və "Neftçi”yə sadiq qalır.
Zaur avrokuboklarda yetərincə oynasa da, cəmi 1 qolun müəllifi olub. Ancaq bu qolun sonrakı böyük qələbədə - "Neftçi”nin Çempionlar Liqasında ilk dəfə mərhələ adlamasında böyük rolu olub. "Ağ-qaralar” Bosniya və Herseqovinanın "Şiroki Briyeq” klubu ilə səfər matçında kapitanı, əsas hücumçusu Qurban Qurbanov cəzalı olduğundan, baş məşqçi Kazbek Tuayev Tağızadəni hücuma qoyur. O da hesab 0:2 olanda, 90+1-ci dəqiqədə fərdi ustalığı hesabına rəqib qapısına yol tapır. "Neftçi” cavab matçında Emin Quliyevin fərqlənməsi sayəsində 1:0 hesabı ilə qalib gələrək, məhz Zaurun səfər qolu nəticəsində mərhələ adlayır.
Sağ cinahın əla sürətə malik ağası
Əslində isə Tağızadə hücumçu yox, sağ kənar yarımmüdafiəçisi, bu cinahın ağası idi. Onun əsas "silah"ı əla sürəti, xüsusən, start sürəti idi. Zaur sürətini yığanda ona çatmaq çox çətin idi. O, fərdi oyun keyfiyyətləri ilə matçın taleyini təkbaşına həll edə bilən futbolçulardan idi. Tağızadə müstəqil futbolumuzda qızıl nəsillərdən olan 1979-cu il təvəllüdlülərin də "qızıl oğlan”ı idi. Ancaq futbolçu karyerasını cəmi 31 yaşında başa vurmalı oldu. Buna tez-tez aldığı zədələr, onurğa sütununda problemləri, üzərində aparılan saysız-hesabsız əməliyyatlar səbəb oldu.
Yazımı başladığım "Birlik kuboku” ilə də bitirirəm. Zaur kimi qaraqabaq adamı doyunca güldürmək asan məsələ deyil. Ancaq mən buna nail olmuşam. "Neftçi” ilə Moskvadan qayıdırıq, Domodedovo hava limanına yollandığımız zamanı avtobusda yanımda oturan məşqçi Elxan Abdullayevlə söhbətimdə Bakı "Dinamo”sunda işlədiyi vaxt Qusarda "Şahdağ”la 1:1 hesabı ilə nəticələnmiş çempionat matçından söz saldım. Elxan müəllimə həmin oyunu xatırlatmaq üçün "Şahdağ”ın müdafiəçisi Kamil Yunusovun oyunun sonunda etdiyi avtoqolla məğlubiyyətdən xilas olduqlarını dedim. Arxamızda oturan Zaur söhbətimizə qulaq asırdı və "avtoqol” sözünü eşidən kimi onu gülmək tutdu. O ki var gülərək mənə dedi: "Avtoqol a, sən bunu necə yadında saxlamısan”. Təvazökarlıqdan uzaq olsa da, yaxşı yaddaşımın olmağı Tağızadənin də diqqətini çəkdi. Bundan sonra məni görəndə, "avtoqol”u yada salaraq zarafatlaşırdı.
Zaur, 37-ni məndən tez yola saldın. Məndə də bu yaşla vidalaşmaq üçün bir şey qalmayıb. Sən artıq bu yaşda məşqçi kimi də ardıcıl çempionluqlar qazanmış, "qızıl dubl” müəllifi olmusan. Bunlar isə baş məşqçiliyə gedən yolda qazanılan böyük uğurlardır. Futbolçu vaxtındakı sürətinlə necə öyünürdünsə, məşçqi kimi mükafatlarını sürətlə qazanmağınla fəxr edəsən...
Mehman SÜLEYMANOV