UEFA Çempionlar Liqasında 1/8 mərhələsinin ilk oyunlarına yekun vurulub. Sportnet.az-ın məlumatına görə, birinci oyun günündə meydan sahibləri qalib gəlsələr də, sonrakı 6 matçda bunun davamı gəlməyib.
Nəticədə ilk görüşlərin qonaqlar üçün daha uğurlu alındığını demək olar. Turnirdə ən çox təmsilçiyə malik İspaniya və İngiltərənin komandaları fərqli nəticələr göstəriblər. İlk matçlarını səfərdə keçirən İspaniya nəhənglərindən "Barselona” ilə "Real Madrid” cütün taleyini elə oradaca həll ediblər. "El Klassiko” iştirakçıları rəqib meydanında qazandıqları 2:0 hesablı qələbələrlə 1/4 finala, demək olar ki, çıxıblar. Yalnız "Atletiko” qələbə qazana bilməyib. Ancaq madridlilərin Hollandiyada PSV ilə matçdakı qolsuz bərabərliyi münasib nəticə sayılmalıdır. Hər halda, evdə yaxşı oynayan Dieqo Simeonenin komandası istənilən qələbə ilə mərhələ adlayacaq. PSV-yə isə istənilən qollu heç-heçə sərf edir.
İspaniya kimi İngiltərənin də pley-offda 3 təmsilçisi var. Ancaq onlardan yalnız "Mançester Siti” qalib gələrək, cütün taleyini həll edib. Çünki Kiyev "Dinamo”sunun mərhələ keçmək üçün Mançesterdə böyükhesablı qələbə qazanacağı real deyil. "Arsenal”ın "Barselona”ya evdə məğlubiyyəti onun şanslarının üstündən xətt çəkib. "Çelsi” isə Fransadan məğlubiyyətlə qayıtsa da, 1:2 hesabı heç də pis nəticə deyil. Aydın məsələdir ki, "zadəganlar”a mərhələ keçmək üçün evdə 1:0 hesablı qələbə də yetərlidir. Cavab matçları arasında ən gərgin, ən maraqlı mübarizənin məhz Londonda olacağı gözlənilir.
Postsovet məkanının digər təmsilçisi – "Zenit” üçün ilk oyun uğursuz alınıb. Ancaq Ukrayna çempionundan fərqli olaraq, Rusiya Premyer Liqasının qalibi səfərdə, özü də 0:1 hesabı ilə uduzub. Belədə "Zenit” – "Benfika” cütündə də intriqa qalır və Sankt-Peterburqda maraqlı mübarizə gözlənilir.
İtaliya və Almaniya isə 1/8 finalda hərəyə 2 komanda ilə təmsil olunub. İki ölkə təmsilçiləri arasındakı "Yuventus” – "Bavariya” qarşılaşması ən maraqlısı sayılır. Apennin təmsilçiləri ev oyunlarında uğursuz nəticə göstəriblər. Düzdür, "Roma”dan fərqli olaraq "Yuventus” oyunun gedişindəki 0:2 hesablı məğlubiyyətdən vurduğu 2 qolla yaxa qurtara bilib. Ancaq 2:2 hesabı Münhendəki cavab matçında mütləq qələbəyə oynamağa sövq edir. Axı 0:0 və 1:1 hesablı bərabərliklər "Bavariya”nın xeyrinədir. "Qoca Sinyora” 3:3 və daha məhsuldar heç-heçələrə ümid etməlidir ki, bunlar da az qeydə alınan nəticələrdir.
İlk baxışdan nə qədər qəribə görünsə də, "Volfsburq” "Bavariya”dan daha şanslıdır. Əvvəla, Almaniya vitse-çempionu Belçikada qələbə qazanıb və evdə 0:1 hesabı ilə uduzarsa belə, cütün qalibi olacaq. İkincisi, "Gent” "Yuventus” deyil və "Volfsburq” özünü ev oyununda rahat hiss edə bilər.
Göründüyü kimi, 8 cütdən yarısında qonaqlar qazandıqları qələbərlə cavab oyunlarını formallığa çeviriblər. Bu üzdən "Real Madrid”, "Barselona”, "Mançester Siti” və "Volfsburq”un cütün taleyini artıq həll etdiklərini söyləmək olar. Ancaq qalan 4 cütdə hələ çox şeyə aydınlıq gəlmədiyindən, intriqa qalır.
Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
PSJ (Fransa) – "Çelsi” (İngiltərə) – 2:1
"Benfika” (Portuqaliya) – "Zenit” (Rusiya) – 1:0
"Gent” (Belçika) – "Volfsburq” (Almaniya) – 2:3
"Roma” (İtaliya) – "Real” (İspaniya) – 0:2
"Yuventus” (İtaliya) – "Bavariya” (Almaniya) – 2:2
"Dinamo” (Kiyev, Ukrayna) – "Mançester Siti” (İngiltərə) – 1:3
PSV (Hollandiya) – "Atletiko” (İspaniya) – 0:0
Mehman SÜLEYMANOV