İngiltərənin "Mançester Yunayted" futbol komandasının baş məşqçisi Lui van Qal bu vəzifəyə Joze Mourinyonun təyin olunacağına dair xəbərlərə münasibət bildirib. Sportnet.az xəbər verir ki, hollandiyalı mütəxəssis RTL7-yə müsahibəsində bütün söz-söhbətlərin mətbuat tərəfindən uydurulduğunu vurğulayıb.
Belə iddiaları gülünc adlandıran van Qal KİV-lərin qalmaqal yaratmağa çalışdığını açıqlayıb: "Mourinyo da bu barədə dəfələrlə danışıb. Müxtəlif sözlərdən istifadə edib. Amma heç nə demək lazım deyil. Bunların hamısı sadəcə, gülməlidir və heç kim tərəfindən dəstəklənmir. İstəməzdim ki, klub da reaksiya versin. Özüm də mətbuata yazdıqlarını təkzib etməklə yardımçı olmaq niyyətində deyiləm. Fikrimcə, hazırda baş verənlər əsl qalmaqaldır".
Qeyd edək ki, hazırda "Mançester Yunayted" İngiltərə Premyer Liqasında 26 oyundan 41 xalla 5-ci pillədə qərarlaşıb. Avropa Liqasında isə "qırmızı şeytanlar" 1/8 finala yüksələrək, "Liverpul"a rəqib olub.